Accessibility links

Rusiya Ukraynanın enerji obyektlərinə havadan zərbələr endirir


Rusiya qüvvələri çərşənbə axşamı Ukraynanın bir çox şəhərlərinə, eləcə də enerji obyektlərinə hava zərbələri endirib.

Prezident Volodimir Zelenski ofisi rəhbərinin müavini Kirilo Timoşenkonun bildirdiyinə görə, Kyivdə elektrik təchizatı obyektinə üç zərbə endirilib.

Kyiv meri Vitali Kliçko paytaxtın şimal hissəsindəki "çox vacib infrastruktur obyektinin" vurulduğunu bildirib.

Timoşenko bildirib ki, iki hava hücumu Dnepr şəhərindəki enerji obyektinə "ciddi ziyan vurub".

Jitomir merinin sözlərinə görə, orada həyata keçirilən hava hücumları şəhəri susuz və elektriksiz qoyub.

Zelenski Rusiyanın Ukraynanın enerji və çox vacib infrastrukturunu hədəf almasını "terror hücumları" adlandırıb.

"Oktyabrın 10-dan bəri Ukraynanın elektrik stansiyalarının 30%-i dağıdılıb və bu, ölkə daxilində işıqların kütləvi şəkildə kəsilməsinə səbəb olub. Putin rejimi ilə danışıqlara yer qalmayıb" - deyə, o, çərşənbə axşamı tvitter hesabında yazıb.

Rusiyanın hava hücumları bazar ertəsi pilotsuz təyyarələrdən istifadə edərək, Kyivə bir sıra ölümcül hücumlarından sonra davam edib və bu, Zelenski və digər Ukrayna liderlərinin müttəfiqlərindən Ukraynanı hava hücumundan müdafiə silahları ilə təmin etmək çağırışlarına səbəb olub.

Britaniyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, pilotsuz təyyarələrdən əlavə Rusiya son bir həftə ərzində "Ukraynadakı hədəflərə yüksək məsafədən zərbələr endirmək" üçün qanadlı raketlərdən istifadə edib.

"Rusiya avqust ayından bəri döyüş meydanında uğursuzluqlarla üzləşdiyinə görə, Ukraynanın hərbi obyektlərindən savayı mülki infrastrukturuna da zərbələr endirmək qərarına gəlib" , nazirlik bildirib.

Ağ Evin mətbuat katibi Kerin Jan-Pyer bazar ertəsi jurnalistlərə deyib ki, dron hücumları "[Rusiya prezidenti Vladimir] Putinin vəhşiliyini nümayiş etdirir". O, Birləşmiş Ştatların Rusiyanı "müharibə cinayətlərinə' görə məsuliyyətə cəlb edəcəyini bildirib.

BMT sözçüsü Stefan Dujarrikin sözlərinə görə, BMT Baş katibi Antonio Quterreş "Ukrayna şəhər və qəsəbələrinə qarşı davam edən raket və pilotsuz təyyarə hücumlarından dərin narahatlıq hissi keçirir". Quterreş hücumların "dərhal dayandırılmasına və gərginliyin təcili şəkildə azaldılmasına" çağırıb.

XS
SM
MD
LG