NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı bildirib ki, Qərb hərbi alyansının həm Rusiyanın işğalına qarşı mübarizəsində Ukraynaya dəstək vermək, həm də münaqişənin Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısını almaq kimi birgə vəzifələri var.
Vətəni Norveçdə yay düşərgəsində danışan Stoltenberq Ukraynanı və işğalçı müharibəyə məruz qalan Ukrayna xalqını dəstəkləmək üçün NATO-nun mənəvi məsuliyyət daşıdığını deyib.
“Biz İkinci Dünya Müharibəsindən bəri görmədiyimiz hərbi əməliyyatlar, mülki əhaliyə hücumlar və görülməmiş dağıntılar görürük. Biz buna biganə qala bilmərik” - deyə, Stoltenberq bildirib.
Stoltenberq deyib ki, Rusiya prezidenti Vladimir Putin hərbi gücdən istifadə etməklə istədiyinə nail olarsa, dünya daha təhlükəli yer olacaq.
“Rusiya bu müharibədə qalib gəlsə, o, zorakılığın işə yaradığının təsdiqini tapmış olacaq. Sonra isə növbədə qonşu ölkələr ola bilər” deyib.
Ukrayna ordusu cümə axşamı Rusiya qüvvələrinin Xarkov, Slovyansk və Çerniqov da daxil olmaqla Ukraynanın bir neçə ərazisini artilleriya atəşinə tutub.
Bu arada Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qüvvələri Rusiyanın “hərbi istehkamlarına, şəxsi heyət qruplarına, maddi-texniki dəstək bazalarına və silah-sursat anbarlarına” raket və artilleriya hücumları edib. Nazirliyin bəyanatında deyilib ki, bu cür hücumlar Rusiyanın tədarük və qüvvələrini möhkəmlətmək səylərinə yüksək təsir göstərə bilər.
Böyük Yeddilər (G-7) ölkələrinin xarici işlər nazirləri çərşənbə günü axşam bəyanat yayaraq, “Rusiyanın işğalçı müharibəsindən qazanc əldə etməsinin qarşısını almaq və Rusiyanın müharibə aparmaq qabiliyyətini məhdudlaşdırmaq” yollarını nəzərdən keçirdiklərini bildiriblər.