Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Rusiyanın Ukraynanın dörd bölgəsinin ilhaqını rəsmiləşdirən qanunu imzalayıb. Bu addım geniş şəkildə pislənərək, qeyri-qanuni hesab edilib və bu, Ukrayna qüvvələrinin Rusiyanın nəzarəti altında olan əraziləri geri qaytarmaq üçün əks-hücum əməliyyatlarında irəliləyiş əldə etdiyi bir vaxt baş verib.
Bu həftənin əvvəlində Rusiya parlamenti tərəfindən təsdiqlənən qərar Ukraynanın Donetsk, Luhansk, Zaporijye və Xerson vilayətlərinin Rusiya ərazisi olduğunu təsdiq edib.
Rusiyanın təyin etdiyi məmurlar həmin ərazilərdə referendum adlandırdıqları tədbiri həyata keçirib. Ukrayna və onun Qərb tərəfdaşları Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə bu səsləri və ümumi ilhaq səylərini rədd edərək, səsvermələrin məcburi şərtlər altında keçirildiyini və xalqın iradəsini əks etdirmədiyini bildiriblər.
BMT Baş Assambleyasının gələn həftə Rusiyanın ilhaq iddiasını pisləyən qətnamə layihəsinə səs verəcəyi gözlənilir. Rusiya keçən həftə BMT Təhlükəsizlik Şurasında oxşar tədbiri dayandırmaq üçün veto hüququndan istifadə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Ukraynanın şərqindəki Donetskin əsas şəhəri olan və Rusiya referendumlarından bir neçə gün sonra Ukrayna qüvvələri tərəfindən geri alınan Limandan fotoları paylaşıb.
Zelenski tvitter hesabında "Burada həyatın bütün əsasları məhv edilib. Onlar zəbt etdikləri ərazilərin hər yerində bunu edir. Bunun qarşısını yalnız bir yolla almaq olar - Ukraynanı, həyatı, insanlığı, qanunu və həqiqəti tezliklə azad etməklə" yazıb.
Zelenski ABŞ-ın 625 milyon dollarlıq yeni hərbi yardımı elanından bir neçə saat əvvəl ABŞ Prezidenti Co Baydenə təşəkkürünü də tvitter hesabında bildirib.
Zelenski deyib ki, onun ordusunun əraziləri Rusiya qüvvələrindən geri ala bilməsi Ukrayna, ABŞ və "bütün azad dünyanın" birgə uğurudur.
ABŞ-ın yeni yardım paketinə 4 yüksək sürətli artilleriya raket sistemi, 200 minaya davamlı maşın, yüz minlərlə artilleriya və minaatan sursatları daxildir.
ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper çərşənbə axşamı jurnalistlərə deyib ki, paket "Ukraynanın təcili ehtiyaclarını ödəmək" və "şərqdə və cənubda impulsu saxlamaq üçün" hazırlanıb.
Rusiya ABŞ-ın bu addımını tənqid edib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bunu "ölkəmizin strateji maraqları üçün birbaşa təhlükə" adlandırıb.