Accessibility links

Belqorodun atəşə tutulması səbəbindən səsvermə dayandırılmalı olub


Cümə günü səhər saatlarında Belqorodun atəşə tutulması nəticəsində iki nəfər yaralanıb, bir neçə evə ziyan dəyib. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna ərazisindən reaktiv yaylım atəşi sistemlərindən atılan mərmiləri vurub.

Sosial şəbəkələrdə mərminin Belqorod küçəsində avtomobilə dəydiyi iddia edilən video yayılıb. Mərminin boş olduğu iddia edilib.

Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşən vilayət mərkəzi bir neçə gündür ki, atəşə tutulur. Bir gün əvvəl iki nəfərin öldüyü, 10-dan çox insanın yaralındığı bildirilib.

RİA Novosti-nin məlumatına görə, cümə günü, Rusiyada prezident seçkilərinin ilk günü atəşə tutulduğuna görə səsvermə dayandırılmalı olub. Məntəqələrə səs verməyə gələn insanların sığınacaqlara getməli olduğu iddia edilib. Təxminən 15 dəqiqə sonra səsvermə davam edib.

Ukrayna ordusu hücumla bağlı şərh verməyib. Lakin Ukrayna tərəfində döyüşən və Rusiya vətəndaşlarından ibarət olduğu deyilən “Rusiyanın Azadlığı” legionu və “Rusiya Könüllülər Korpusu” adlı silahlı birləşmələr Belqorod və Kursk bölgələrinə mümkün hücumlar barədə xəbərdarlıq edib. Onlar mülki əhalinin təxliyə edilməsinə çağırıb.

Son günlər Rusiya-Ukrayna sərhədində döyüşlər gedir. “Rusiyanın Azadlığı” legionu və “Rusiya Könüllülər Korpusu” sərhədi yardıqlarını iddia etsələr də, Rusiya hakimiyyəti bunu inkar edir.

Keçən gecə Rusiyanın hərbi blogerləri Belqorod vilayətində sərhədi yarmaq üçün yeni cəhdlər olduğu barədə məlumat yayıb. İddia olunub ki, Ukrayna hərbçiləri Rusiya ərazisindəki Kozinka kəndinə desantlardan ibarət vertolyot endirib. Daha sonra Belqorod vilayətinin hakimiyyət orqanları Rusiya ərazisində heç bir ukraynalı hərbçinin olmadığını bəyan edib.

Cümə günü səhər saatlarında Rusiya Müdafiə Nazirliyi desant qüvvələrinin Ukrayna ərazisinə endirilməsi, oradan təxribat qrupunun Kozinkaya doğru irəlilədiyi barədə açıqlama verib. Orada döyüş baş verib və nəticədə desantın məhv edildiyi iddia edilib. Ukrayna tərəfi bu barədə şərh verməyib. Kozinkada dəqiq nə baş verdiyi barədə müstəqil məlumat yoxdur.

Qladkovun dediyinə görə, sərhədyanı Kozinka, Qlotovo və Qora-Podol yaşayış məntəqələrinin 400-ə yaxın sakini təxliyə edilib. Cümə günü səhər sərhəddən çox da uzaq olmayan Qrayvoron regional mərkəzinin yenidən atəşə tutulduğu bildirilib. Cümə günü sərhəddə hərbi toqquşmalar barədə məlumat verilməyib.

Forum

XS
SM
MD
LG