Accessibility links

Rusiya Zaporijya şəhərindəki yaşayış binalarını artileriya atəşinə tutub


Ukrayna rəsmisinin bildirdiyinə görə, cümə axşamı Rusiyanın Zaporijyadakı yaşayış binalarını artileriya atəşinə tutması nəticəsində azı iki nəfər həlak olub.

Zaporijya vilayətinin qubernatoru Oleksandr Starux Telegram hesabında yazıb ki, hücum zamanı daha 5 nəfər dağıntılar altında qalıb.

Şəhərə Ukrayna nəzarət etsə də, lakin Rusiya Zaporijya vilayətinin böyük hissəsini işğal edib.

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü Rusiyanın Zaporijya və daha üç vilayəti ilhaq etdiyinə dair qanunu imzalayıb. Ukrayna və onun Qərb tərəfdaşları, eləcə də Birləşmiş Millətlər Təşkilatı bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Zaporijya Avropanın ən böyük atom elektrik stansiyasına ev sahibliyi edir və son aylar bu ərazidə atışmalar nüvə fəlakəti ilə bağlı beynəlxalq qorxuları artırıb.

Mühüm görüşlər olacağını deyən BMT-nin Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi bu həftə Kyiv və Moskvaya səfər etməlidir. Çərşənbə günü o, nüvə elektrik stansiyasının ətrafındakı zonaya "indi həmişəkindən daha çox ehtiyac olduğunu" deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü gecə etdiyi çıxışında bildirib ki, onun qüvvələri Xerson vilayətinin Rusiyanın ilhaq iddialarının bir hissəsi olan üç kəndi - Novovoskrisensk, Novohrihorivka və Petropavlivka geri alıb.

Bu nailiyyətlər Ukraynanın ölkənin şimal-şərq və cənub hissələrində əldə etdiyi son uğurları artırır.

Zelenski öz müraciətində deyib ki, Putin "artıq uduzub" və Rusiya liderinin fevralın sonunda başladığı müharibəni "öz millətinin bütün perspektivini məhv etməsi" adlandırıb.

"Ukraynalılar nə üçün mübarizə apardıqlarını biliri. Və getdikcə daha çox Rusiya vətəndaşı başa düşür ki, onlar sadəcə tək bir adamın müharibəni dayandırmaq istəmədiyi üçün ölməlidirlər" , Zelenski deyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer cümə axşamı Kyivə gəlib. Agentliyin verdiyi məlumata görə, Ukrayna xalqına daha effektiv yardım etmək yollarını müzakirə etmək üçün o, hökumət rəsmiləri, fermerlər, jurnalistlər, sahibkarlar və energetika işçiləri ilə görüşüb.

XS
SM
MD
LG