Accessibility links

Zelenski: Qərb artilleriyası Rusiya qüvvələrinə qarşı effektivdir


Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Qərb müttəfiqlərindən aldığı artilleriya güclü işə başlayıb və Rusiya ordusunun səylərini dəf etməyə yardım edir.

"Onun dəqiqliyi lazım olduğu qədərdir. Müdafiə qüvvələrimiz işğalçıların maddi-texniki təminatı üçün vacib olan anbarlara və digər nöqtələrə nəzərəçarpan zərbələr endirir və bu, Rusiya ordusunun hücum potensialını əhəmiyyətli dərəcədə azaldır" - deyə, Zelenski gecə video-müraciətində bildirib.

O, həmçinin Rusiyanın ölkənin şərq hissəsindəki Donbas bölgəsini ələ keçirməyə çalışdığı üçün Ukraynanın bütün ərazisinə nəzarəti bərpa edəcəyinə söz verib.

"Biz bütün cənubumuz üçün, bütün Ukrayna Donbası üçün vuruşuruq – ən ağır qarşıdurma hazırda orada, Slovyansk və Baxmut yaxınlığındadır. Biz Xarkiv vilayəti üçün döyüşürük. İşğalçılar düşünməsinlər ki, onların bu torpaqda qaldıqları müddət uzunömürlüdür və artilleriya üstünlüyü əbədidir"- deyə, Zelenski bildirib.

Çərşənbə günü Ukrayna rəsmiləri Donbasın bir hissəsi olan Donetsk vilayətində Rusiyanın yeni hücumlara başladığı üçün qalan sakinlərə daha təhlükəsiz bölgələrə qaçmağı tövsiyə edib.

Rusiya son günlər qonşu Luhansk vilayətini tamamilə ələ keçirdiyini bildirdikdən sonra artıq Donetsk vilayətinin yarıdan çoxuna nəzarət edir.

Luhansk qubernatoru Serhiy Haiday çərşənbə günü bu iddianı rədd edərək, Lisiçansk şəhəri ətrafında hələ də şiddətli döyüşlərin getdiyini bildirib. Ukrayna qüvvələri bazar günü şəhərdən geri çəkilib və Ukrayna rəsmiləri bunu qoşunları gələcək döyüşlər üçün saxlamaq üçün taktiki addım kimi qiymətləndirib.

Haiday Rusiya qüvvələrini qarşılarına çıxan hər şeyi yandırıb məhv etməkdə ittiham edib.

Onun sözlərinə görə, ötən ay Rusiya və separatçı döyüşçülərin ələ keçirdiyi Lisiçanskda 15 minə qədər, yaxınlıqdakı Severodonetsk şəhərində isə təxminən 8 min sakin qalıb.

XS
SM
MD
LG