Accessibility links

Rusiyanın Voronej vilayətindəki hərbi poliqona pilotsuz təyyarələrlə hücum olub, 10-dan çox əsgər yaralanıb


Pilotsuz təyyarələrin Rusiyanın Voronej vilayətindəki Poqonovo hərbi poliqonuna hücumu zamanı 10-dan çox hərbçi müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə ASTRA nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, mayın 10-da səhər saat 4 radələrində iki pilotsuz təyyarə 11097 saylı hərbi hissənin poliqonuna hücum edib. Hadisə yerinə 10 təcili yardım maşını göndərilib.

Baza kanalı pilotsuz təyyarələrin poliqona qədər uçduğunu və yerə düşərkən partladığını bildirib. Telegram kanalının məlumatına görə, 14 nəfərə qədər hərbçi yaralanıb. İlkin məlumata görə, ölən olmayıb.

Daha sonra Voronej vilayətindəki hərbi obyektə pilotsuz təyyarə ilə hücum barədə məlumatı vilayətin qubernatoru Aleksandr Qusev də təsdiqləyib. O, Teleqram kanalında "Təsir tədbirləri nəticəsində onlardan biri istiqamətini itirərək yerə düşüb, ikincisi isə vurularaq, məhv edilib. Hüquq-mühafizə orqanları və hərbi komandanlıqla qarşılıqlı əlaqə davam edir" yazıb.

Rusiya Ukraynaya genişmiqyaslı hücumundan sonra Rusiyanın müxtəlif bölgələrindəki və ilhaq edilmiş Krımdakı hərbi obyektlər pilotsuz təyyarələrlə hücumlara məruz qalmağa başlayıb. Keçən ilin dekabr ayında partlayıcı dronlar Rusiyanın arxa cəbhəsinin dərinliklərində - Ryazan və Saratov vilayətlərindəki hərbi aerodromlara hücum edib. Bu hücumlar nəticəsində 3 rus hərbçisi həlak olub, 4-ü yaralanıb. İki Tu-95 bombardmançı təyyarəsi zədələnib.

2022-ci ilin avqustunda Rusiyanın ilhaq etdiyi Krımın Novofedorivka hərbi aerodromu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. İnformNapalm istintaq cəmiyyətinin ekspertlərinin fikrincə, o vaxt Rusiya 24 döyüş təyyarəsini itirib. Partlayışlardan bir neçə saat əvvəl Amerikanın "Planet Labs" şirkəti aerodromun peyk şəkillərini çəkib. Həmin vaxt orada əsasən Su-30SM qırıcıları və Su-24MR bombardmançıları, eləcə də bir İl-76 hərbi nəqliyyat vasitəsi və bir neçə vertolyot olmaqla, 20-dən çox təyyarə olub.

XS
SM
MD
LG