Accessibility links

Rusiya Ukraynanın bir neçə şəhərinə hava hücumları həyata keçirib


Ukrayna rəsmiləri cümə axşamı bildiriblər ki, Rusiya qüvvələri keçən gecə bir neçə şəhərə hava hücumları həyata keçirib və nəticədə azı 2 nəfər ölüb.

Ukrayna ordusu bunu Rusiyanın "bir sıra regionun mülki infrastrukturuna kütləvi raket hücumu" kimi qiymətləndirib.

Xerson vilayətinin qubernatoru Oleksandr Prokudinin bildirdiyinə görə, Rusiya hərbçilərinin yaşayış binasına endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Kyivin hərbi administrasiyasının rəhbəri Serhiy Popko Telegram kanalında bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya raketlərini vurduqdan sonra raketlərin parçaları Ukrayna paytaxtına düşüb.

Kyiv meri Vitali Kliçko 7 nəfərin yaralandığını, bir neçə binanın zədələndiyini bildirib.

Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin qubernatoru Oleh Sinehubovun dediyinə görə, Rusiyanın azı altı raketi Xarkiv şəhərində mülki infrastruktura ziyan vurub.

Rusiya cümə axşamı ilhaq edilmiş Krım yarımadası və Qara dənizin yaxınlığında Ukraynanın 19 pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Ukraynaya məxsus 3 pilotsuz təyyarəni Kursk, Belqorod və Orlov vilayətləri üzərində vurub.

Polşa cümə axşamı bildirib ki, Ukraynaya yalnız əvvəllər razılaşdırılmış döyüş silah-sursatını tədarük edəcək.

Hökumət sözçüsü bu bəyanatla Polşanın baş naziri Mateuş Moravetskinin Polşanın özünü "ən müasir silahlarla" silahlandırmağa çalışdığı üçün Ukraynaya silah verilməsinin dayandırıldığını elan etməsindən bir gün sonra çıxış edib.

Polşa ilə Ukrayna arasında gərginlik Polşanın öz fermerlərini qorumaq üçün Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoymasından sonra yaranıb.

Forum

XS
SM
MD
LG