Accessibility links

Ukrayna qaçqınlarının sayı 1,5 milyona çatır


Ukraynalı qaçqınlar Ukraynanın qərbində Polşa ilə sərhəddə Zosin-Ustiluh sərhəd-keçid məntəqəsində bufer zonasında körpüdən keçirlər, 6 mart 2022-ci il.
Ukraynalı qaçqınlar Ukraynanın qərbində Polşa ilə sərhəddə Zosin-Ustiluh sərhəd-keçid məntəqəsində bufer zonasında körpüdən keçirlər, 6 mart 2022-ci il.

Rusiyanın hərbi müdaxiləsinin 11-ci günü və ölkənin bir çox yerlərində “şiddətli” döyüşlərin getdiyi bir vaxt Ukraynada müharibədən qaçan qaçqınların sayının martın 6-da 1,5 milyona çatacağı gözlənilir.

Müharibədən qaçan ukraynalılar qonşu Polşa, Rumıniya, Slovakiya və digər ölkələrə üz tutur, ölkədə on minlərlə insan məcburi köçkünə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi iyul ayına qədər qaçqınların sayının 4 milyona çatacağını təxmin edir.

BMT-nin yardım agentlikləri Ukraynanın humanitar yardıma və müdafiəyə ehtiyacı olan bütün bölgələrinə maneəsiz daxil olmaq imkanına çağırır. Bu çağırış Ukraynada humanitar dəhlizlərin yaradılması səyləri ilə bağlı xəbərlər fonunda verilib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi Ukrayna və Rusiya arasında mülki şəxslərin münaqişə zonalarından təhlükəsiz keçidinin asanlaşdırılmasına dair əldə edilmiş razılaşmanı alqışlayır. Qarşı tərəflərin nümayəndələri bazar ertəsi Belarusda razılaşmaının əldə edilməsi təklif ediblər.

Bununla belə, idarənin sözçüsü Yens Laerke bildirib ki, BMT nümayəndələri hələlik humanitar dəhlizlərin yaradılması ilə bağlı hər iki tərəfdən hər hansı yazılı mesaj almayıb. Onun sözlərinə görə, Ukrayna boyu baş verən zorakılıqlar insanları dəhşətə gətirir və milyonlarla insanın təcili olaraq təhlükəsiz keçid və həyatları xilas edəcək yardıma ehtiyacı var.

Həftə sonu Polşa sərhəddində ukraynalı qaçqınlara baş çəkən ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton artan humanitar böhranla əlaqədar 2,75 milyard dolların ayrılmasına çalışır.

Bu arada, martın 6-da Ukrayna hərbi qüvvələrinin sərhədlərə nəzarət etmək üçün cənubda Nikolaiv və şimalda Çernihivdə Rusiya qüvvələri ilə “şiddətli döyüşlər” apardıqlarını bildirdyi vaxta təsadüf edir.

“Əsas səylər Mariupol şəhərinin müdafiəsinə yönəlib”, Ukrayna hərbi qüvvələrinin Facebook səhifəsində deyilir. Eyni zamanda, Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk vilayətində əməliyyat apardığı qeyd edilib.

Ukrayna ordusu həmçinin bu günə qədər Rusiya hərbi qüvvələrinin 88 təyyarəsini vurduğunu və bir neçə pilotu əsir götürdüyünü bildirib.

Mariupol şəhəri bir neçə gündür ki, işıq, ərzaq və su olmadan mühasirədədir. Rusiya humanitar dəhliz açmaq üçün atəşkəs elan etdikdən sonra yerli rəsmilər 450 min nəfər əhalinin avtobus və şəxsi avtomobillərlə şəhəri tərk edə biləcəyini bildirib.

Lakin evakuasiya gecikir, rəsmilər bildirir ki, “Rusiya tərəfi atəşkəsə əməl etmir və həm Mariupolun özünü, həm də şəhərin ətrafını atəşə tutmaqda davam edir”.

Ukrayna prezidenti Vladimir Zelenski martın 5-də axşam televiziya ilə çıxışında Rusiya qüvvələrinin qoşunlarının işğal etdiyi ərazilərdəki insanları döyüşməyə çağırıb.

“Biz küçələrə çıxmalı və bu şəri şəhərlərimizdən çıxarmalıyıq” - deyə, Zelenski bildirib. O, ölkəni yenidən quracağına söz verib.

XS
SM
MD
LG