Accessibility links

Ukrayna Rusiya raketlərinin Kyivi vurduğunu bildirib


Ukrayna ordusu bazar ertəsi keçən gecə Rusiyanın Ukrayna paytaxtına hava hücumlarının son dalğasında Kyivə 8 ballistik raketlə hücum etdiyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qüvvələrinin raketlərin hamısını vurduğunu bildirib.

Kyiv meri Vitali Kliçko bildirib ki, vurulan raketlərdən birinin qalıqları şəhərin şərq hissəsinə düşməsindən sonra 4 nəfərə tibbi yardım göstərilib. O, həmçinin anbarda vurulan raket parçalarının aşkar edildiyini, lakin əraziyə heç bir ziyanın dəymədiyini bildirib.

Ukrayna ordusu Rusiyanın işğal olunmuş Krımdan 18 pilotsuz uçuş aparatını buraxdığını, lakin Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin onların 18-nin də cənubdakı bəzi ərazilər üzərində vurduğunu bəyan edib.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edəcək. Belə ki, ABŞ administrasiyası Konqresin Ukraynaya əlavə yardımı təsdiqləməsinə çalışır.

Ağ Evin bazar günü yaydığı bəyanatda deyilib ki, səfərin məqsədi "ABŞ-ın Rusiyanın qəddar müdaxiləsinə qarşı özünü müdafiə edən Ukrayna xalqını dəstəkləməkdə sarsılmaz öhdəliyini vurğulamaqdır".

Zelenskinin ofisi onun Baydenin dəvətini qəbul etdiyini təsdiqləyib. O, həmçinin bütün senatorların iştirak edəcəyi iclasda çıxış etmək üçün dəvət alıb.

Bayden Konqresdən digər milli təhlükəsizlik prioritetləri ilə yanaşı, Ukrayna (61,4 milyard dollar) və İsraildə müharibənin maliyyələşdirilməsi üçün 110 milyard dollarlıq yardım paketi istəyib. Lakin çərşənbə günü ABŞ Senatındakı Respublikaçılar ABŞ sərhədlərinin təhlükəsizliyinə əsaslı dəyişikliklərin lazım olduğunu bildirərək, qanun layihəsini bloklayıb.

Bəzi Respublikaçılar qeyri-qanuni miqrantların dərhal deportasiyasını tələb edərək, onların ABŞ-dan sığınacaq almaq şansını rədd edirlər. Onlar həmçinin Bayden administrasiyasının yüz minlərlə miqrantın ABŞ-a qanuni şəkildə daxil olmasına imkan verən proqramlardan ciddi ixtisarlara çağırıblar.

Forum

XS
SM
MD
LG