Accessibility links

Rusiya qüvvələri Xarkiv şəhərinə hava zərbəsi endirib: bir nəfər ölüb, 9 nəfər yaralanıb


Rusiya qüvvələri çərşənbə axşamı, aprelin 30-da səhər saatlarında Xarkiv şəhərinə idarə olunan bombalarla hava zərbəsi endirib, nəticədə bir nəfər ölüb. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleh Sinehubov məlumat verib.

Xarkiv meri İqor Terexovun sözlərinə görə, şəhərin Xolodnoqorsk və Kyivski rayonları vurulub, mülki infrastruktur obyektlərinə ziyan dəyib. Sinehubov aydınlaşdırıb ki, bombalardan biri Kyivskidə park ərazisi yaxınlığında partlayıb.

Daha sonra Terexov bildirib ki, hava hücumu nəticəsində 9 şəhər sakini yaralanıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti qeyd edib ki, hücum nəticəsində Xarkiv şəhərinin Kyivski rayonunda inzibati binalara, qarajlar və avtomobillərə ziyan dəyib. Verilən məlumatına görə, Xolodnoqorsk vilayətində iki mülki obyekt bombanın partlaması nəticəsində dağıdılıb.

Ukraynanın dəmir yolları infrastrukturu və nəqliyyatına nəzarət edən “Ukrzaliznitsa” Xarkivda ölən şəxsin bu şirkətin əməkdaşı olan 26 yaşlı Aleksandr Kotun olduğunu bildirib. Şirkətin verdiyi məlumata əsasən, daha bir dəmiryolçu yaralanıb. Raket zərbəsinin “düşmənin mülki dəmir yolu infrastrukturuna növbəti hədəf hücumu” olduğu bildirilib.

Bundan əvvəl “Ukrzaliznitsa” Rusiya qüvvələrinin Xarkiv və Donetsk vilayətlərində dəmiryol vağzallarına hücumları, 3 dəmiryolçunun həlak olması, daha 4 nəfərin yaralanması barədə məlumat yayıb.

Bazar ertəsi, aprelin 29-u axşam Xarkiv şəhərinin Kyivski rayonunda hündürmərtəbəli yaşayış binasına endirilmiş aviazərbə nəticəsində 42 yaşlı kişi yaralanıb və xəstəxanaya yerləşdirilib.

Rusiya qüvvələri demək olar ki, hər gün Xarkiv şəhərinə raket və bombalı hücumlar təşkil edir. Belə ki, aprelin 27-nə keçən gecə Rusiya hərbçiləri S-300 raketi ilə Xarkivdakı psixiatriya xəstəxanasına zərbələr endiriblər. Həmin vaxt orada 60 xəstə və tibb müəssisəsinin 5 əməkdaşı olub. Zərbə nəticəsində xəstəxananın 53 yaşlı pasiyenti yaralanıb.

Forum

XS
SM
MD
LG