Accessibility links

Rüstəm İbrahimbəyov: ...ağır məhrumiyyətlər bahasına olsa belə Milli Şuraya rəhbərliyi qəbul edərəm


Kinodramaturq Rüstəm İbrahimbəyov
Kinodramaturq Rüstəm İbrahimbəyov

Milli Şura nə vaxt yaradılacaq? Siyasi partiyalar danışıqları yubadır. Şərq də, qərb də, şimal da, cənub da Azərbaycanın siyasətindən narazıdır...

Ziyalılar Forumunun təsisçilərindən biri, kinorejissor Rüstəm İbrahimbəyov "Azadlıq" qəzetinə müsahibə verib. Müsahibədə yaradılacaq Milli Şura ilə bağlı aparılan danışıqlar, ölkədəki ictimai-siyasi durum, hökumətin müxalifətə qarşı münasibətləri, Azərbaycanın ətrafında baş verənlər təhlil edilir.

Müsahibəni olduğu kimi təqdim edirik:


- Rüstəm bəy, sizin müxalifət düşərgəsinin birliyinin vacib olduğu ilə bağlı səsləndirdiyiniz təklif hələ də müzakirə predmetidir. Hakimiyyət də sizin bu təşəbbüsünüzdən ciddi təşviş keçirir. Sizcə, bu narahatlıq nədən irəli gəlir?

Hakimiyyət istəmir ki, demokratik qüvvələr birləşib, birlik yaratsınlar və seçkilər normal keçirilsin.
- Hazırda partiya liderlərinin danışıqlarının yekunlarını gözləyirik. Bu danışıqların yekunu kimi qərar çıxarılmalıdır. Mənim hələlik bu barədə informasiyam yoxdur. Son qərarı gözləyirəm. Hakimiyyətin reaksiyasına gəlincə, bunu başa düşmək olar. Aydın məsələdir ki, hakimiyyət istəmir ki, demokratik qüvvələr birləşib, birlik yaratsınlar və seçkilər normal keçirilsin.

- Bu yaxınlarda "EL" Hərəkatının rəhbəri Eldar Namazovla Moskvada görüşmüsünüz. Müxalifət daxilində gedən inteqrasiya prosesi ilə bağlı danışıqlar nə yerdədir? Bu günə olan nəticələr sizi qane edirmi?

- Proses müsbət qiymətləndirilir. Eldar bəy bildirdi ki, proses gedir və yavaş-yavaş razılığa gəlinir. Amma bu proses bir qədər vaxt aparacaq.

- Rüstəm bəy, vurğuladınız ki, partiya liderlərinin qərarını gözləyirsiniz. Bir qədər açıq danışaq. Danışıqlarda əsas açar məsələ, ciddi müzakirələr predmeti nədən ibarətdir?

Milli Şuranın tərkibi bu müzakirələrdə təyin edilməlidir.
- Başqa partiyalarla da əlaqə saxlanılmalıdır. Sonda oturub təkliflər konkret müzakirə olunmalıdır. Mənim də bir neçə təklifim var. Milli Şuranın tərkibi bu müzakirələrdə təyin edilməlidir. Prosesin nəyə görə ləngiməsinə gəlincə, görünür, öz aralarında konkret dil tapa bilmirlər. Dəqiq deyə bilmərəm bu ləngimə nə ilə bağlıdır. Hələlik üç partiya bu müzakirələrdə iştirak edir. Bunlar AXCP, Müsavat Partiyası və "EL" Hərəkatıdır. Bundan başqa, prosesə ReAL-ın da cəlb edildiyi barədə məlumatım var.
Proses niyə ləngiyir?

- Ləngimə prosesi Milli Şuranın tərkibi, yoxsa təşkilata sədrliklə bağlıdır?

Mənə elə gəlir ki, bu ləngimə tərkiblə bağlıdır.
- Mənə elə gəlir ki, bu ləngimə tərkiblə bağlıdır. Hazırda tərkib məsələsi müzakirə olunur. Sədrlik məsələsi ortaya qoyulmayıb. Mən də onlardan tələb edirəm ki, üç-dörd qüvvə bir nəticəyə gəlməsələr, o zaman başqa yolla komitə yaratmaq lazımdır. Bu təşkilat partiyalarla bağlı olmasın, amma cəmiyyətin tanınmış şəxsiyyətləri burada təmsil olunsunlar. Amma mənə elə gəlir ki, bir neçə günə bir nəticə olacaq.

- Yəni danışıqların uğurla bitəcəyi ilə bağlı işartılar var?

- Xəbərlər gəlir ki, yavaş-yavaş kompromis variant tapılır. Mən də bütün xalqımız kimi bu prosesi böyük narahatçılıq, amma ümidlə gözləyirəm. Hazırda müzakirə predmeti çox vacib məsələdir. Mənə elə gəlir ki, müxalifət liderləri başa düşməlidirlər ki, bunların xalqın qarşısında məsuliyyəti çox yüksəkdir.

- O zaman hazırda əsas müzakirə predmeti və prosesi ləngidən konkret partiyanın Milli Şuranın siyahısına daxil edilməsiylə bağlıdır, yoxsa başqa məqam fikir ayrılığına səbəbdir?

10-15 gündür ki, nəyə görə prosesi ləngidirlər.
- Mən təəssüf ki, bu danışıqlarda iştirak etmirəm. Ona görə dəqiq heç nə deyə bilmərəm. Bu sualın cavabını müzakirələrin iştirakçılarından, Eldar Namazovdan soruşmalısınız. Çünki konkret mən bu sualı cavablandıra bilmərəm. Onu deyə bilərəm ki, hələlik konkret təkliflər də ortada yoxdur. Ona görə hələlik konkret bu və başqa partiyanın təklifinin qane etmədiyi müzakirə predmeti deyil. Müzakirələrin gedişi barəsində partiya liderlərindən soruşun ki, 10-15 gündür ki, nəyə görə prosesi ləngidirlər.

- Siz mətbuatda dəfələrlə vurğulamısınız ki, yaradılacaq Milli şuranın sədri olmaq niyyətində deyilsiniz. Amma bununla belə siyasi partiya liderləri açıqlamalarında Milli Şuraya məhz sizin rəhbərlik etməli olduğunuz barədə pozitiv rəylər veriblər. Əgər vəziyyət çıxılmaz olarsa, Milli Şuraya rəhbərliyi boynunuza götürə bilərsinizmi?

Amma hamı qərara gəlsə ki, Milli Şuraya mən sədrlik eləməliyəm, bu mənim üçün çətin olsa da, qəbul edərəm.
- Mən dəfələrlə demişəm, praktik siyasətlə məşğul olmaq istəmirəm. Yaxşı olardı ki, siyasətçilər özləri bu barədə bir qərara gələydilər. Demokratik düşərgədə çox hörmətli və bacarıqlı şəxsiyyətlər var. Amma belə vəziyyət yaransa ki, heç kəs dil tapıb, kimisə konkret irəli sürə bilməsələr və sədrlik məsələsi açıq qalsa, o zaman xasiyyətim elədir ki, ağır mərhumiyyətlər bahasına olsa belə Milli Şuraya rəhbərliyi qəbul edərəm. Mən heç vaxt məsuliyyətdən kənara çəkilməmişəm. Bu ideya mənimdir. Gözləyirdim ki, bu proses daha tez və uğurlu keçəcək. Milli Şuranın tərkibinin də tez müəyyənləşdiriləcəyini və sədrinin də seçiləcəyini gözləyirdim. Amma hamı qərara gəlsə ki, Milli Şuraya mən sədrlik eləməliyəm, bu mənim üçün çətin olsa da, qəbul edərəm.

- Sizin müxalifət liderlərinə birliklə bağlı çağırışınızla yanaşı, AXCP sədri Əli Kərimlinin də bir çağırışı olmuşdu. Partiya üzvləri qarşısında çıxışında o bildirmişdi ki, müxalifət liderləri öz tərəfdarları qarşısında çıxıb milli maraqlar naminə öz ambisiyalarından geri çəkilməyə hazır olduqlarını bəyan etməlidirlər. Bu çağırışı necə dəyərləndirirsiniz?

- Mən bu çağırışla tanış olmuşam. Çox şad oldum. Çünki Əli Kərimli hamıya bir nümunədir. O, ümumi işin getməsi üçün iddialarından geri çəkilmək, kompromisə getməyə hazırdır.

- Azərbaycan hər dəfə dəyişikliklər ərəfəsinə gələndə həmin dəyişikliklərin baş verməsinə maraqlı olan güclərin, dövlətlərin maraqları da təsir edir. Bu sırada iqtisadi maraqları xüsusi vurğulamaq lazımdır. Amma artıq bu iqtisadi maraqlara, sabitliyə hakimiyyət özü təhlükə yaradır. Bunu Quba və İsmayıllı olayları da təsdiqlədi. Hazırda yaranmış situasiyada müxalifətin də birliyi yaranarsa, cəmiyyət baş verənlərə adekvat reaksiya verərsə, beynəlxalq güclər hansı mövqeyi seçəcəklər?

Bunu hamı istəyir. ABŞ, Türkiyə, Avropa Birliyi, Rusiyanın demokratik dairələri bu prosesi gözləyirlər.
- Bu maraqlı dövlətlərin konkret fikirlərini heç kəs bilmir. Regionla bağlı geosiyasi gedişlər çox mürəkkəbdir. Hər bir dövlətin öz maraqları var. Bu dövlətlərin bir-birinə qarşı da iddiaları da var. Onlar da heç kimə məlum deyil. Bir tərəfdən bir siyasət elan olunur. Amma həmin siyasətin gizlin tərəfləri də mövcuddur. Bu qüvvələrin demokratik düşərgəyə kömək etməsi üçün biz də gərək əlimizdən gələni edək. Bunun birinci addımı demokratik düşərgənin birləşməyi və Milli Şuranın yaranmasıdır. Bunu hamı istəyir. ABŞ, Türkiyə, Avropa Birliyi, Rusiyanın demokratik dairələri bu prosesi gözləyirlər. Bu çox vacib şərtdir. Belə bir birlik yaransa, artıq təşkilat fəaliyyətə başlayanda konkret hökumətlərə müraciətlər ünvanlana bilər. Hətta həmin dövlətlərdən demokratikləşmə prosesinə kömək də istənilə bilər. Əsas problemlərimizdən biri demokratik seçkidir.

Seçkinin azad və ədalətli keçirilməsini bacarmasaq, heç nə alınmayacaq.
Seçkinin azad və ədalətli keçirilməsini bacarmasaq, heç nə alınmayacaq. Ona görə
bu proses çox vacibdir. Bölgələrdə etirazların baş verdiyini dediniz. Bu proses davam
edəcək. İctimaiyyət çox narazıdır. İqtidar bunu başa düşməlidir. Əksinə, demokratik qüvvələrlə hazırda dialoqa girməlidir. Çalışmalıdır ki, ölkədə vəziyyəti müsbət tərəfə dəyişsin. Əgər bu baş verməzsə, doğurdan da xalq ayağa qalxacaq. Bu da ölkəmizə ziyan da verə bilər. Bir tərəfdən bu proses xaos kimi keçsə, ağıllı siyasət yürüdülməsə, baş verənlərdən istifadə də oluna bilər. Azərbaycan müharibə vəziyyətindədir. Biz bilməliyik ki, daxildə stabilliyi pozsaq, bundan xarici düşmənlərimiz istifadə edə bilər. Mən təəccüblənirəm. Biz neçə ildir iqtidara müraciət edirik ki, gəlin problemləri müzakirə edək. Qarabağ problemi 20 ildir ki, həll olunmur. Amma iqtidar bu istiqamətdə heç bir addım atmır. Halbuki bu problemin çözülməsi Azərbaycan cəmiyyəti üçün çox vacibdir. Bəlkə də bizim taleyimiz Qarabağ problemi ilə bağlıdır. Əgər bu problemi həll etməyə çalışmasaq, bu çox çəkməyəcək və xalq qalxacaq.

- İlham Əliyev də özü müşavirələrdə etiraf edir k, məmurlar harınlayıblar və onlara ciddi xəbərdarlıqlar edilir. Amma nəticə ortada yoxdur. Proseslərin belə davam etməsi nə vəd edir?

Dövlət başçısı məmurları qınayır, amma sistem dəyişiklikləri olmalıdır.
- İlham Əliyevin bu bəyanatları müsbət göstəricidir və əslində demokratik qüvvələrin qələbəsi kimi dəyərləndirilə bilər. Deməli, ölkədə tədricən ictimai rəy, vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınır. Dövlət başçısı belə bir bəyanat verməyə məcbur olur. Amma bəyanatdan hərəkətə keçmək lazımdır. Dövlət başçısı məmurları qınayır, amma sistem dəyişiklikləri olmalıdır. Sistem korrupsiya aşağıdan-yuxarıya qədər xalqımızı boğur. Amma bu sistem davam edir. Korrupsiya sisteminə qarşı addımların atılmaması və Qarabağ probleminin həll edilməməsi xalqımızı ayağa qaldıracaq.

- Ramiz Mehdiyev İranda Qərbin əleyhinə kifayət qədər sərt ittihamlar səsləndirdi. Maraqlıdır ki, eyni zamanda ABŞ-da olan nümayəndə heyəti isə İranın Azərbaycana təhlükə olduğunu vurğulayıb. Bu təzad nədən qaynaqlanır?

Amma nə xaricdə, nə də daxildə düzgün siyasət aparılır.
- Mən siyasətçi deyiləm. Ramiz Mehdiyevin hansı bəyanatlar verməsindən xəbərim yoxdur. Mən onu deyə bilərəm ki, Qərb, Şərq, Şimal və Cənub Azərbaycanın yürütdüyü xarici siyasətdən narazıdır. İndi bu narazılığa səbəb olan siyasəti Mehdiyevmi yaradır, yoxsa başqaları - bunu deyə bilmərəm. Amma nə xaricdə, nə də daxildə düzgün siyasət aparılır.
XS
SM
MD
LG