Xidməti vəzifəsinin icrası zamanı qanunvericiliyin tələblərini pozduğuna görə gömrük xidməti mayoru işdən çıxarılıb, iki nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycanın Baş Prokurorluğuna göndərilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Ayaz Cəfərəliyev “İpək yolu” gömrük postunda xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəşad Rəhimovdan qeyri-qanuni olaraq 100 manat məbləğində pul vəsaiti istəyib, Rəhimov da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.
Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Ayaz Cəfərəliyev gömrük orqanlarından xaric edilib.
Ayaz Cəfərəliyev və Rəşad Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycanın Baş Prokurorluğuna göndərilib.