Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə müsahibəsində insanların Azərbaycandan mühacirətə getməsinin səbəbləri və saxta sənədlərlə siyasi mühacir statusu almağa cəhd problemləri barədə danışıb.
Amerikanın Səsi: Almaniyadakı mühacir qalmaqalı Avropada sığınacaq almaq məsələlərinə diqqəti cəlb edib. Bu baxımdan məlumatsızlıqdan bir çox insanlar qurbana çevrilib. Sizcə hansı hallarda insanlar sığınacaq ala bilər? Bunun şərtləri nədir?
Şəxsin inandığı, başına gələn hallar, iddia elədiyi hallar mötəbər olmalıdır. Bununla bağlı problem ondan ibarətdir ki, bir çox insanların əsasları reallıqda olmadığı üçün, onlar əslində sosial-iqtisadi miqrantlar olduğu üçün uydurulmuş hekayələrlə gedirlər.
Səməd Rəhimli: İlk növbədə, sığınacaq məsələsi belə aydınlaşdırıla bilər ki, siyasi sığınacaq heç vaxt sosial-iqtisadi problemlərə görə verilmir. Tək söhbət siyasi sığınacaq deyil, bunun ümumi adı qaçqın statusunun verilməsidir. Bu məsələ 1951-ci ildə qəbul olunmuş Qaçqın statusuna dair Konvensiya ilə tənzimlənir. Həmin Konvensiyada belə bir qısa anlayış verilib ki, Azərbaycan qanunvericiliyi, həm də Avropa ölkələrinin qanunvericikləri bu anlayışları təxminən olduğu kimi qəbul ediblər. Bu anlayış ondan ibarətdir ki, hər hansı bir şəxs başqa bir ölkəyə gəlirsə və ya həmin ölkədə olduğu müddətdə, o, dini mənsubiyyətinə, etnik kimliyinə, irqinə, sosial qrupuna, mənsubiyyətinə, yaxud siyasi əqidəsinə görə öz ölkəsində təqiblərə məruz qalmağına dair əsaslı təqib qorxusu varsa, həmin şəxslər qaçqın ola bilərlər. Buradan açıq-aşkar görünür ki, sosial-iqtisadi məsələlər nəzərdə tutulmayıb. Burada sadəcə o şəxslərə qarşı qaçqın statusu verilməsi nəzərdə tutulur ki, onlar sadaladığım əlamətlərə görə öz ölkəsində təqib oluna bilərlər. Məsələ bundan ibarətdir ki, faktiki olaraq hal-hazırda qaçqın hüquqi məsələsi çox sui -istifadə olunan məsələlərdən biridir. Bu tək Azərbaycana da aid deyil, demək olar ki, şərq ölkələrin çoxunda bu məsələdən sui -istifadə edirlər. İnsanları yanlış istiqamətləndirirlər. Onlara belə izah edirlər ki, sanki hər hansı bir hekayə danışsalar başqa ölkənin bu məsələ ilə məşğul olan şəxsləri onlara inanasıdırlar və qaçqın statusu verəsidirlər. Halbuki, məsələ ondan ibarətdir ki, qaçqın statusuna dair müraciətlərin əksəriyyəti, (80 faiz civarında) xüsusilə də Azərbaycan kimi ölkələrdən olanlara rədd edilir. Çox kiçik bir hissəsi qəbul olunur. Bu da onunla əlaqəlidir ki, bu əlamətlərə görə əsaslı təqib qorxusu olması məsələsini şəxs sübut etməlidir. Ən azından öz izahatı ilə sübut eləməlidir. Həmin izahat müfəssəl olmalıdır, ardıcıl olmalıdır. Hər hansı ziddiyyətlər olmamalıdır. Şəxsin inandığı, başına gələn hallar, iddia elədiyi hallar mötəbər olmalıdır. Bununla bağlı problem ondan ibarətdir ki, bir çox insanların əsasları reallıqda olmadığı üçün, onlar əslində sosial-iqtisadi miqrantlar olduğu üçün uydurulmuş hekayələrlə gedirlər. Bu hekayələr üzrə danışdıqları, izahatlarının əksəriyyəti mötəbər sayılmır. Belə halda sizin də qeyd etdiyiniz kimi qurbana çevrilirlər. Bu hallarla bağlı insanları məlumatlandırmaq olar ki, onlar əsl real qaçqınlığa göstərdiyim əsaslara görə təqib qorxuları yoxdursa, sosial-iqtisadi məsələlərə görə saxta əsaslarla getməsinlər. Çünki bunun üstü əvvəl-axır açılacaq. Ona görə də bununla bağlı şərtlər bundan ibarətdir ki, yalnız bu şərtlərə dair şəxsə qarşı öz ölkəsində təqib qorxusu olsun. Əgər, şəxslərin əsaslı təqib qorxuları yoxdursa, yəni siyasi, dini, etnik, irqi, müəyyən siyasi qrupa məxsus mənsubiyyətə görə təqib olunmursa onların qaçqın kimi müraciət eləmələri yalnışdır. İki-üç ildən sonra olsa da deportasiya olunasıdırlar.
Amerikanın Səsi: Bəs Azərbaycana qayıdan şəxslərin hüquqlarının təminatı nədədir? Onlar burada təqib oluna bilərlərmi? Həmin şəxslərin hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri necədir?
Azərbaycandan bir çox şəxslər Avropaya gedibdilər və hal-hazırda onlar sənədsiz yaşayırlar. Hansı ki, onların qaçqın kimi statusu yoxdur. Belə şəxslərin qaytarılması ilə bağlı Avropa Birliyi ilə readmissiya sazişi var.
Səməd Rəhimli: Məsələ bundadır ki, Avropa ölkələrində qaçqın statusu üçün müraciət edənlərin məsələsi konfidensial saxlanılmalıdır. Reallıqda bu belədirmi? Mənim əlimdə hal-hazırda faktlar yoxdur. Amma, mən bildiyimə görə ümumilikdə Avropa ölkələrində ümumi dövlət hüquq prinsipini nəzərə alsaq, güman edirəm ki, hal-hazırda bu məsələləri konfidensial saxlayırlar. Məsələn, Azərbaycandan şəxs Almaniyaya gedib qaçqın statusu üçün müraciət edibsə, bu barədə Azərbaycana məlumat verə bilməzlər. Ola bilər ki, Azərbaycan hökuməti hansısa vasitələrlə bunu öyrənir və ya öyrənməyə cəhd göstərir. Ona görə də bu barədə məlumtalı deyiləm. Spikulasiya etmək istəmərəm. Ona görə də qaçqın statusu üçün müraciət edən şəxslərin güman ki, işləri konfidensialdır. Həmin işlər barədə Azərbaycanın leqal yollarla Avropa ölkələrindən məlumat almaq səlahiyyəti yoxdur. Qeyri-leqal yollarla nə dərəcədə məlumat alır, məlumatlı deyiləm. Amma, bir məsələ də var ki, Azərbaycandan bir çox şəxslər Avropaya gedibdilər və hal-hazırda onlar sənədsiz yaşayırlar. Hansı ki, onların qaçqın kimi statusu yoxdur. Belə şəxslərin qaytarılması ilə bağlı Avropa Birliyi ilə readmissiya sazişi var. Həmin saziş əsasında həmin şəxslər barədə məlumatlar Azərbaycana göndərilir. Əgər Azərbaycan həmin şəxsləri təsdiq edirsə, şəxslər yenidən ölkəyə qəbul olunurlar. Bu başqa prosedurdur. Burada başqa bir şeydən söhbət gedir. Həmin şəxslərin təqibinə dair məndə hal-hazırda faktlar yoxdur. Ümumilikdə, bu, barədə sosial şəbəkələrdə təsdiq olunmamış informasiyalar eşitmişik. Daha sonra nə olub, bilmirik. Amma, onu başlıca olaraq vurğulmaq istəyirəm ki, qaçqın kimi müraciət edən şəxslərin işləri Avropa ölkələrində güman ki, konfidensial olduğu üçün onlarla bağlı qayıdanda hər hansı bir hüquq pozuntuları məsələsi çıxmamalıdır.
Amerikanın Səsi: Son hadisələr Azərbaycan vətədaşlarına şengen ölkələrinə gedişini əngəlləyə bilərmi? Onlar, məsələn, imtina cavabı aldıqda bunu hüquqi müstəvidə necə mübahisələndirə bilər?
Güman ki, bu, ictimailləşdirilmiş skandaldan sonra, təəssüf ki, viza şərtlərinin sərtləşdirilməsi ilə bağlı addımlar olasıdır. Amma hansı addımlar olasıdır, bunu hələlik bilmirik.
Səməd Rəhimli: Bu ən çətin sahələrdən biridir. Yəni, bu, bir az da hüquqdan kənara çıxır. Onsuz da son dövrlər Avropa Birliyi ölkələri, ümumiyyətlə Avropa şengen ölkələri və ayrıca olaraq Böyük Britaniya, çox güman ki, ABŞ və Kanada da Azərbaycan kimi ölkələrə viza standartlarını get-gedə sərtləşdirir. Praktikada kim viza almaq istəyirsə əlavə sənədlər, müddətlərin uzadılması, bəzən viza imtinalarını görürük. Güman ki, bu, ictimailləşdirilmiş skandaldan sonra, təəssüf ki, viza şərtlərinin sərtləşdirilməsi ilə bağlı addımlar olasıdır. Amma hansı addımlar olasıdır, bunu hələlik bilmirik. Hər halda, şəxslərdən daha çox sübut tələb edəcələr. Ümumiyyətlə viza şərtlərindən şikayətdə bir çox Avropa ölkələrinin səfirliklərində viza imtinaları göstərilir. Adətən bu şəxs Azərbaycandadırsa, viza imtinası alıbsa, bundan hər hansı beynəlxalq dildə şikayət verməlidir. Bu halda konsulluqlar diskresion (Diskresion səlahiyyətlər - qanunla dövlət orqanına və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi-red) səlahiyyət hüququnu tanıyırlar. Konsul hadisəyə daha yaxındır və məsələni daha yaxşı qiymətləndirə bilər. Çox nadir hallarda konsulluqların verdiyi viza imtinaları Avropa ölkələrinin məhkəmələrində və yaxud inzibati şikayət mexanizmlərində mübahisələndirilir. Ona görə də bu effektiv mexanizm deyil. Konsulluqların visa imtinalarından şikayət verilməsi,düzdür formal şikayət mexanizmləri olsa belə, bunlar effektiv deyil.
Qeyd: Noyabrın 14-də 61 nəfər azərbaycanlı miqrant Almaniyadan Azərbaycana qaytarılıb. Ekspertlər gələcəkdə bu ölkədən Azərbaycana daha çox miqrantın qaytarılacağını bildirir. Belə ki, Almaniyada Azərbaycandan insanların qanunsuz miqrasiyası ilə bağlı cinayət işi başlanılıb. Bir sıra evlərdə, ofislərdə axtarışlar apaılıb, iki nəfər saxlanılıb.
Şpigel jurnalının məlumatında da deyilir ki, alman polisi çoxsaylı obyektlərdə axtarışlar aparıb və Azərbaycan vətəndaşları saxlanılıb.
Müşahidəçilərin fikrincə, Almaniyadakı mütəşəkkil qrup Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək pul müqabilində miqrantlara verib.
Bir il əvvəl miqrantlara verilən saxta sənədlərlə bağlı Azərbaycanda da bir sıra partiya funksionerləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.