Accessibility links

Saakaşvilinin vəkili onun azadlığa buraxılması üçün məhkəməyə müraciət edib


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhəti onun həbsdən çıxmasına əsas verir. Bunu "Empatiya" qeyri-hökumət təşkilatının nümayəndələri iyunun 1-dən noyabrın 28-dək "İstanbul Protokolu"nun prinsiplərinə, beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən müstəqil ekspertizanın nəticələrinə uyğun olaraq bildirib.

Ekspertizada 10 gürcü və 6 beynəlxalq ekspert iştirak edib. 2980 səhifəlik hesabatdan cəmi 194 səhifəsi dərc olunub ki, orada şuranın rəyindən tövsiyələr və ümumi nəticələr var. Sənədə əsasən, "Xəstəyə həm fərdi, həm də kollektiv şəkildə adekvat diaqnostika və müalicə imkanı verilmədiyi təqdirdə onun sağlamlığına bərpa olunmayacaq zərər, ömrünün qısalması və hətta ölümlə nəticələnə bilər".

"Hazırda Mixeil Saakaşviliyə 20-dən çox diaqnoz qoyulub ki, onlardan 10-a yaxını daşıyıcıdır və bu, həbslə bir araya sığmır. Mövcud psixi və nevroloji vəziyyətini, eləcə də fiziki vəziyyətini nəzərə alsaq, Saakaşvilinin həbsdə qalması qəbuledilməzdir və həbslərlə bağlı beynəlxalq standartlara ziddir," dekabrın 1-də "Empatiya" mərkəzinin nümayəndələri mətbuat konfransında bildirib.

Təşkilat hesab edir ki, Mixeil Saakaşvilinin həyatını xilas etmək və müalicə üçün onu təcili olaraq ABŞ və ya Avropa İttifaqı ölkələrindən birinə göndərmək lazımdır.

Gürcüstanın üçüncü prezidentinin səhhəti ilə bağlı sənədin bir hissəsi dərc edildikdən sonra Mixeil Saakaşvilinin vəkili onun azadlığa buraxılması və ya cəzasını çəkməsinə möhlət verilməsi üçün məhkəməyə müraciət edib.

Mixeil Saakaşvilinin diaqnozlarının açıqlanmamasına baxmayaraq, sənədin dərc olunmuş hissəsində onların psixo-nevroloji, qastro-enteroloji problemləri, dayaq-hərəkət sistemi və görmə qabiliyyətində pozuntular olduğu bildirilib.

Bundan əlavə, Mixeil Saakaşvilinin səhhəti ilə bağlı tibbi rəyə əsasən, onda etiologiyası məlum olmayan qızdırma, iştahsızlıq var. Onun çəkisini sürətlə itirdiyi, əzələlərində, oynaqlarında, sümüklərdə ağrı və atrofiya qeydə alınıb.

Saakaşvilinin saç nümunəsinin toksikoloji müayinəsi zamanı onun orqanizmində normadan artıq civə və digər ağır metallar, eləcə də barium və tallium aşkar edilib.

Hakim "Gürcü arzusu" partiyası "Empatiya" mərkəzinin keçirdiyi ekspertizaya etimadsızlığını bildirib. Hakim partiyanın sədri İrakli Kobaxidze qeyri hökumət təşkilatının Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası ilə "birbaşa əlaqəsi" olduğunu və təşkilatın qənaətlərinin "qərəzli" və "etibarlılığının sıfır" olduğunu deyib.

XS
SM
MD
LG