Gürcüstanın keçmiş prezidenti, Ukraynada müxalifətdə olan “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili tərəfdarlarını yenidən Kiyevin mərkəzində etiraz yürüşünə çıxarıb.
Aksiya iştirakçıları prezident Petro Poroşenkonun istefasını tələb ediblər. Təşkilatçıların sözlərinə görə, aksiyada 10 minədək adam iştirak edib.
Saakaşvilinin tərəfdarları 1 aydan da çox idi ki, etiraz aksiyası keçirmirdilər.
Polis və milli qvardiyaçılar avtobuslarla müstəqillik meydanına gedən yolu bağlayıb.
Çünki həmin vaxt orada başqa mitinq keçirilirmiş.
Buna görə də aksiyaçılar ənənəvi marşurutu dəyişərək Taras Şevçenko parkından Vladimir küçəsi ilə Avropa meydanına yollanıblar.
Yolboyu onlar “Dəstə rədd olsun”, “İmpicment” və “Siyasi məhbuslara azadlıq” kimi şüarlar səsləndiriblər.
Saakaşvili Avropa meydanında keçirilən mitinqdə yenə də prezident Petro Poroşenko və baş prokuror Yuri Lutsenkonu tənqid edib.
O deyib ki, onlar Donbasda müharibənin getdiyi və xalqın əksəriyyətinin yoxsulluq həddində yaşadığı bir vaxtda Yeni İl bayramlarını xarici kurortlarda qeyd ediblər.
Mitinqin sonunda aksiyaçılar prezident Poroşenkonu fevralın 18-də Meydana çıxmağa və könüllü istefa verməyə çağıran qətnamə qəbul ediblər.
Kiyev Apellyasiya məhkəməsi yanvarın 26-da Saakaşvilinin fevralın 5-dək gecə saatlarında ev dustaqlığında qalması barədə qərar qəbul edib.
Mixail Saakaşvili həm də Ukraynanın Odessa vilayətinin keçmiş qubernatorudur.
O, hakimiyyəti korrupsiyada ittiham edir.
Öz növbəsində hakimiyyət onun cinayətkar qrupla əlibir olduğunu iddia edir.
Xatırlatma
Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.
O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroşenkonun xahişilə Odessanın qubernatoru olub.
2016-cı ilin noyabrında o, hakimiyyəti korrupsiyada günahlandıraraq, bu vəzifədən istefa verib. Saakaşvili o vaxtdan Poroşenkonun rəqibinə çevrilib.