ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan “Atlantik Şura”nın Avropa Ittifaqına sədrlik edən Latviya ilə birgə 29-30 yanvarda Vaşinqtonda təşkil etdiyi “Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru” mövzusunda konfransa dəvət olunmuş məruzəçilər yanvarın 29-da ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşüb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, konfransda Azərbaycanı təmsil edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da ABŞ vitse-prezidenti ilə görüşdə iştirak edib.
Səfirlik bildirir ki, toplantı zamanı o cümlədən Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığında iştirakı və gələcək perspektivlər müzakirə olunub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilib və eləcə də, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə toxunulub.