Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 13-də Çinə işgüzar səfərə gedib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaq.
Həmçinin, səfər əsnasında nazir Elmar Məmmədyarovun Çinin bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Hazırda təşkilatın üzvləri Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandır. Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan müşahidəçi statusuna malikdir, Belarus, Türkiyə və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır.