Accessibility links

Səudiyyə Ərəbistanında törədilmiş intiharçı bomba hücumları araşdırılır


Səudiyyə Ərəbistanında bazar ertəsi törədilmiş intiharçı bomba hücumları müqəddəs Mədinə şəhəri də daxil olmaqla, bir neçə şəhəri hədəf alıb. Partlayışlar zamanı dörd nəfər həlak olub, beş nəfər yaralanıb.

Mədinə şəhərində partlayış İslamın müqəddəs ziyarətgahlarından biri olan Məhəmməd Peyğəmbərin dəfn edildiyi Peyğəmbər məscidi yaxınlığında yoxlama məntəqəsində törədilib. Məkkəyə gələn milyonlarla müsəlman buranı ziyarət edir.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, hücumçu təhlükəsizlik işçiləri ona yaxınlaşmağa cəhd edən zaman özünü partladıb.

Ramazan bayramının bu həftə başa çatması münasibəti ilə məscid ziyarətçilərlə dolu olub. Partlayışdan sonra Səudiyyə Ərəbistanı televiziyasında nümayiş etdirilən video görüntülərdə ərazinin insanla dolu olduğu göstərilib.

Hücuma görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb.

Rəsmilər şərqdə, Qatif şəhərində şiə məscidində törədilmiş intiharçı bomba hücumu ilə bağlı da təhqiqat aparır. Daxili İşlər Nazirliyi bildirib ki, üç nəfərin bədən hissələri tapılıb, amma onların kimliyi hələlik müəyyən edilməyib.

İlk partlayış bazar ertəsi Ciddə şəhərində ABŞ konsulluğunun yaxınlığında törədilib. Bu partlayış da Mədinədə hücumda olduğu kimi intiharçı təhlükəsizlik qüvvələrinin yaxınlaşdığı zaman üzərindəki partlayıcıları işə salıb. İki zabit yaralanıb, ABŞ səfirliyi işçiləri arasında xəsarət alanın olmadığını bildirib.

XS
SM
MD
LG