Accessibility links

İranın bir neçə şəhərində etirazçılar yenidən küçələrə axışıblar


İnternetdə yayımlanan həvəskar videolara əsasən, İranın bir neçə şəhərində etirazçılar hakimiyyət əleyhinə şüarlar səsləndirərək küçələrə axışıblar.

22 yaşlı Məhsa Əminin Tehranda əxlaq polisi tərəfindən həbs edilməsindən sonra ölməsinin səbəb olduğu etirazlar, dövlətin zorakı təqiblərinə və ciddi internet kəsintilərinə baxmayaraq beşinci həftədir davam edir.

1500tasvir Twitter hesabının paylaşdığı videoda İranın şimalında Rəşt şəhərində bir qrup etirazçının vətəndaşları onlara qoşulmaq üçün çağıraraq “Dəstək! Dəstək” şüarı səsləndirdiləri göstərilir.

Azadlıq Radiosu bu görüntünü müstəqil şəkildə yoxlaya bilməyib.

BBC isə bir qrup qadının İsfahanın vilayətində yerləşən Şahin Şəhr şəhərində “Xameneiyə Ölüm” qışqırdıqlarını göstərən video paylaşıb.

Bundan əlavə Həmədan və Ərdəbil şəhərlərində də etirazların keçirildiyi bildirilir.

Həmçinin Tehran, İsfahan və Kərəcdə tələbələrin etiraz aksiyaları keçirdikləri deyilir.

İnternetə nəzarət edən NetBlock qrupu oktyabrın 15-də İranda internetə “yeni böyük əngəlin” olduğu barədə məlumat verib.

Bundan əvvəl isə fəallar oktyabrın 15-də etirazlarda çox sayda insanın iştirakını təmin etmək üçün onlayn çağırış ediblər.

Onlar İran boyu insanları təhlükəsizlik qüvvələrinin olmadığı yerlərdə toplaşıb, “Diktatora ölüm” şüarı səsləndirməyə çağırıblar.

İnsan hüquqları təşkilatları deyib ki, təhlükəsizlik qüvvələrinin təqibləri nəticəsində azı 201 nəfər ölüb.

Təqiblər beynəlxalq ictimaiyyətin qınaqlarına və Britaniya, Kanada və Birləşmiş Ştatlar tərəfindən İrana qarşı sanksiyaların tətbiqinə səbəb olub.

İranın ali ruhani lideri Ayətullah Əli Xamenei ölkənin düşmənləri, o cümlədən Birləşmiş Ştatlar və İsraili “üsyanları” qızışdırmaqda ittiham edib.

XS
SM
MD
LG