Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün 312 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.
Bu barədə martın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisi və MDB-nin qısamüddətli müşahidəçiləri bu siyahıya daxil deyil.
MSK sədri həmçinin 55 min 887 yerli müşahidəçinin qeydiyyatdan keçdiyini deyib.
Prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-da dörd təşkilat qeydiyyata alınıb.
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118, “Els" Müstəqil Araşdırmalar Mərkəzi 118 və “RƏY” Monitorinq Mərkəzi 48 seçki dairəsində monitorinq keçirəcək”, Bu barədə MSK-nin bu gün keçirilən iclasında qeyd edilib.
Prezidentl seçkilərində 8 namizəd iştirak edir. Ölkənin aparıcı müxalifət qüvvələri seçkini boykot edir.