Accessibility links

Seçki anonsu: “Altına pul yığanlar”, “Xarici xidmət orqanlarına işləyənlər”, rəsmi mövqe və müxalifətin cavabı


İqtidarın, müxalifət və eksperlərin baxış bucağı

Bu ilin dekabrında Azərbaycanda bələdiyyə, gələn il parlament seçkiləri keçiriləcək. Ekspertlərin firkincə, seçkilərə hazırlıq siyasi mühitdə canlanmaya səbəb olub və bu getdikcə artan xətt üzrə irəliləyəcək.

Ötən həftə müxalifət qüvvələri seçki hazırlığı ilə bağlı dinləmələr keçirib. Eyni zamanda bir sıra müxalif partiyaların rəsmiləri arasında seçki ilə bağlı qarşılıqlı ittihamlar başlayıb.

İqtidarda olan Yeni Azərbaycan Partityası da sentyabrın 7-də rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsini, sentyabrın 8-də Qarabağ bölgəsi üzrə təşkilatlarının müşavirəsini keçirib.

Əli Əhmədov
Əli Əhmədov

Əli Əhmədov: Müxaliflərin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil

YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunmaqdadır.

“Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub. İndi isə buraya yeni elementlər daxil edirlər. Bu da hədələmək, söymək və beləliklə də cəmiyyətimizin normal siyasi proseslərdən uzaqlaşmasına çalışmaqdır”.

Müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub.
Əli Əhmədov, YAP sədrinin müavini


Əli Əhmədov qeyd edib ki, onlar (müxalifət-red) siyasi proseslərdə normal dəyərlər əsasında iştirak etmək əvəzinə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak əvəzinə çağırışlarını seçkilərdən imtina üzərində qurublar.

“Son zamanlar bizim müşahidə etdiyimiz məqam odur ki, bu müxalifət Azərbaycanın reallığının üzərinə kölgə salmaqla Ermənistanı təbliğ edirlər. Məqsəd isə dövlətimizin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu da cəmiyyətimizdə ikrah doğurur”-deyən Əli Əhmədov bildirib ki, bu müxaliflərin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil ki, bu da təhlükəli haldır.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Siyavuş Novruzov: Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər

Yeni Azərbaycan Partiyasınəın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Yeni Müsavat qəzetinə bildirib ki, bir sıra eks-nazirlərlə bağlı dosyelərə malikdir.

Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq.
Siyavuş Novruov, YAP icra katibinin müavini


“Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!" Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz. Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”

“Bu xəbərdarlıq və ittihamlar konkret olaraq kimə, yaxud kimlərə ünvanlanıb?” sualına cavabındaNovruzov konkret ad çəkməyib.

“Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var. Digərləri də, bitərəfi də…var. Mən ona görə də onları xəbərdar edirəm ki, ya çıxın meydana, mövqeyinizi ortaya qoyun, ya da mən mövqeyimi ortaya qoyacağam! Amma söhbət partiyadan getmir. Çıx ortaya, mövqeyini bildir! Sən bütün nəsil-nəcabətini təmin eləmisən. Çıx ortaya! Çıxmasan, biz çıxacağıq. Onda vəziyyətin çox ağır olacaq”.

Eldar İbrahimov
Eldar İbrahimov

Eldar İbrahimov: Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu

Yeni Azərbaycan Partiyasının yaradıcılarından, Milli Məclisin deputatı Eldar İbrahimov yerli medianın “Xarici qüvvələrə “satıldığı” iddia edilən müxalifəti Azərbaycan iqtidarı özü zamanında “satın” ala bilməzdimi?” sualının cavabında bildirib ki, onları satın alsalar da Azərbaycandakı inkişafı, əmin-amanlığı gözü götürməyən xarici qüvvələr var.

Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi.
Eldar İbrahimov, YAP funksioneri


“İstəsək də, lap çox pul versək də, onlar milli maraqlarımıza xidmət etməyəcəklər. Çünki xarici qüvvələrin əlində idilər. Onların məqsədi xarici qüvvələrdən çoxlu pul alaraq, hakimiyyəti ələ keçirtmək idi. Düzdür, bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta, deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. “Düşmən” gəlib içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək. Çünki onlarda qərəz deyil, mərəzdir. Ona görə onların dostluğu bizə lazım deyil,” İbrahimov qeyd edib.

Əli Həsənov
Əli Həsənov

Əli Həsənov: Eldar İbrahimovun adından yayılan fikirlər İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir

Eldar İbrahimovun dedikləri ilə rəsmi hakimiyyət razı deyil. Belə ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov facebook səhifəsində yazıb ki, İbrahimovun adından yayılan açıqlama iqtidarın mövqeyini əks etdirmir.

"Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, həm də YAP rəhbərliyində təmsil olunan şəxs kimi bəyan edirəm ki, həm partiyamızın, həm də mövcud iqtidarın bu məsələyə münasibəti ümummilli lider, dövlətimizin və partiyamızın qurucusu Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün də dəyişməz olaraq qalır…

Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır.
Əli Həsənov, Azərbaycan prezidentinin köməkçisi


Dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub.

Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir," Əli Həsənov qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Milyardları oğurlayanlara dövlət, hüquq mühafizə orqanları göz yummayıbmı?

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iqtidar partiyasının rəsmilərinin bəyanatlarını şərh edərkən bildirib ki, millətin sərvətini talan etdiklərini etiraf ediblər.

Bəs biz nə deyirdik, bu neçə illərdə? Demirdikmi ki, dünənə qədər heç kim olanlar İlham Əliyevin korrupsiyanı himayə siyasəti nəticəsində milyarder, oliqarx olublar?
Əli Kərimli, AXCP sədri


“Keçmiş nazirlər “hərəsi milyardı yığıb altına, qaçıb gizlənib.” Bu dəfə biz demirik, bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. Bəs biz nə deyirdik, bu neçə illərdə? Demirdikmi ki, dünənə qədər heç kim olanlar İlham Əliyevin korrupsiyanı himayə siyasəti nəticəsində milyarder, oliqarx olublar? Bəs o milyardları oğurlayanları nazir vəzifəsinə İlham Əliyev təyin etməyibmi? Bəs o milyardları oğurlayanların oğurluğuna dövlət, hüquq mühafizə orqanları göz yummayıbmı? Dövləti bu acınacaqlı hala salanların, millətin sərvətini talan edənlərin, digərlərinin də talan etməsinə şərait yaradanların hakimiyyətdə qalmağa haqqı varmı?” Kərimli facebook səhifəsində sual edib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Azərbaycanın beynəlxalq nüfuzuna YAP-dan çox zərər gətirən təşkilat yoxdur

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavininin (icra katibi) bəyanatına cavab olaraq bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna YAP-dan çox zərər gətirən təşkilat yoxdur.

İlqar Məmmədov: Azərbaycanın beynəlxalq nüfuzuna YAP-dan çox zərər gətirən təşkilat yoxdur.
please wait

No media source currently available

0:00 0:03:00 0:00

“YAP Azərbaycanın xaricdəki üz qarasıdır. Çünki bütün seçki saxtakarlıqları, bütün ədalətsizliklər, qanunun aliliyi və demokratiya prinsiplərinin pozulması ancaq YAP-ın adı ilə bağlıdır. Ona görə də o partiyanın təmsilçisinin müxalifəti Azərbaycanın beynəlxalq nüfufuna zərər gətirməkdə ittiham etməsi heç bir çərçivəyə sığmır. Mən dediklərim siyasi dəyərləndirmədir. Onun dediklərində hətta ittihamlar da var. Əgər ittihamlar sübut olunmursa sadəcə boş-boş söhbətlərdir. İttiham irəli sürürlərsə, bu əsaslandırılmalıdır. YAP-ın ittihamları həmişə əsassız olub. Bu bəyanatlar YAP-ın özünün Azərbaycanın beynəlxalq nüfuzuna vurduğu zərbəni ört-basdır etmək məqsədi güdür,” o qeyd edib.

Bütün seçki saxtakarlıqları, bütün ədalətsizliklər, qanunun aliliyi və demokratiya prinsiplərinin pozulması ancaq YAP-ın adı ilə bağlıdır.
İlqar Məmmədov, ReAL Partiyasının sədi


Məmmədov YAP icra katibinin keçmiş nazirlərlə bağlı bəyanatına isə ironiya ilə yanaşır.

“O deyir ki, kimlərsə nazir olduğu vaxtı, YAP İdarə Heyətinin üzvü olduğu vaxtı altına milyardlar yığıb, amma, indi hakimiyyətə xidmət etmir. Bu faktlar varsa, bunun özü cinayətdir. Həm də həmin şəxslərin cinayətə cəlb edilməməsinin özü belə cinayətdir. Həmin o milyardı altına yığmaq da cinayətdir, onu cinayətə cəlb etməmək, hakimiyyətə xidmət etməyə çağırmağın özü də cinayətdir. Siyavuş Novruzovun bəyanatında YAP-ın adına iki cinayətin törədilməsi etiraf olunur. Ona görə deyirəm ki, bu bəyanata ironiyadan başqa heç cür baxmaq olmaz,” ReAL lideri müsahibəsində bildirir.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Nəsimi Məmmədli: Ölkə yeni bir siyasi dönəmə qədəm qoyur

Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli YAP funksionerlərinin bəyanatı ilə bağlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, son illər bu partiya ölkənin ictimai-siyasi həyatında faktiki olaraq elə bir çəkiyə malik deyil.

Nəsimi Məmmədli: Yeni siyasi təşəbbüslərin şahidi ola bilərik
please wait

No media source currently available

0:00 0:05:00 0:00

“YAP faktiki olaraq hakimiyyətin bürokratik aparatının, inzibati idarəetmənin bir davamı kimi görünür. Bir siyasi partiya kimi ictimai rəydə mövcud deyil. Təbii ki, indi sosial şəbəkələrin geniş vüsət alması, ictimai rəyə təsiri belə bir reallıq ortaya çıxarıb ki, YAP təkrarən siyasətə qayıdışa cəhdi edir. Bu da sosial şəbəkələrə dönüşdə, həm də onların bəyanatında özünü göstərir.”

Ekspert hesab edir ki, hakimiyyətin bir gərginliyi, bir narahatlığı hiss olunur.

Sanki hakimiyyət daxilində bizim bu gün hələ tam şəkildə təfərrüatlarını bilmədiyimiz proseslər var.
Nəsimi Məmmədli, siyasi məsələlər üzrə ekspert


“Sanki hakimiyyət daxilində bizim bu gün hələ tam şəkildə təfərrüatlarını bilmədiyimiz proseslər var. O proseslər ola bilsin ki, elə bir narahatlıq doğurur ki, gələcəkdə YAP-ı oyundan tamamilə kənar vəziyyətdə qoya bilər. Ona görə də YAP rəhbərliyi özünü yüksək rəhbərliyə göstərmək istəyir ki, biz də varıq. Son bəyanatlar bax bundan doğur.”

O həmçinin bildirib ki, indiyədək cəmiyyətdəki probblemləri gizləmək cəhdi olub.

“Artıq indi YAP öz rəhbərlərinin dili ilə ölkədə problemlərin mövcud olduğunu səsləndirir. Reallığı təqdim etməklə cəmiyyətdə bir etimad qazanmaq cəhdi var. Bunlar onu göstərir ki, ölkə yeni bir siyasi dönəmə qədəm qoyur. Bunun yaradacağı sosial-siyasi nəticələr çox da uzun olmayan müddətdə özünü göstərəcək. Ola bilər bu ilin sonunda, ola da bilər ki, gələn ilin əvvəllərində yeni siyasi təşəbbüslərin şahidi ola bilərik.”

Məmmədli YAP icra katibinin müavini Siyavuş Novruzovun keçmiş nazirləri pul toplamaqda günahlandırmasından danışarkən deyib ki, hakim partiya ölkədə kifayət qədər iri miqyasda korrupsiyanın olduğunun fərqindədir.

“Bu korrupsiyanı həyata keçirənlər onların öz sıralarında olan insanlardır. Bu reallığı indiyədək demək görünür təhlükəli olub. Amma, görünür indi elə bir situasiya yaranıb ki, bunu açıqlamağı zəruri edib. Bu istiqamətdə bir sıra şəxslərin qurban verilməsi ehtimalı da istisna deyil. Ola bilsin ki, kimlərinsə cəzalandırılması nəzərdə tutulur ki, cəmiyyətdə güvən yaratsın, doğrudan da ölkədə korrupsiya ilə bağlı mübarizə yeni bir mərhələyə qədəm qoyub. Ölkədə siyasi dəyişkilklər artıq yeni məzmun almaqdadır. Bu cəhdlər də istisna deyil”.

Ola bilsin ki, kimlərinsə cəzalandırılması nəzərdə tutulur .
Nəsimi Məmmədli, siyasi məsələlər üzrə ekspert


Ekspert hesab edir ki, Azərbaycan hakimiyyətinin seçkilərə yanaşması dəyişməyib.

“Hakimiyyət ənənəvi yanaşmasını davam etdirmək fikrindədir. Əlbəttə, onlar bu qənatədədir ki, ölkədə indiyədək keçirilən seçkilər də kifayət qədər azad və rəqaəbətli olub. Müxalifət isə hakimiyyətin keçirdiyi seçkiləri ədalətli hesab etmir. Eyni zamanda beynəlxalq aləm də bu fikirdədir. Mənə elə gəlir ki, qarşıdakı seçkilərdə də vəziyyət dəyişməyəcək. Çünki Azərbaycan hakimiyyəti cəmiyyətdə olan geniş narazılığı faktiki olaraq hakmiyyətin bir struktutru olan parlanmentə daşımaq istəməz. Parlamenti indiki tərkib, bir qədər də yeni mütəxəssislərlə zənginləşdirmək niyyəti ola bilər. Müxalifət-iqtidar münasibətlərinin yeni müstəvidə, cəmiyyətə fayda verəcək istiqamətdə dəyişəcəyini zənn etmirəm,” Məmmədli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG