Accessibility links

Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməyəcək


Müsavat Partiyasınının Məclisi
Müsavat Partiyasınının Məclisi

Fevralın 10-da Müsavat Partiyasının Məclisinin növbədənkənar sessiyası partiyanın aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirtak etməmək barədə qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına qarşı fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını açıqlayıb.

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər bildirib ki, hazırki iqtidarın dövründə keçirilən bütün seçkilər saxtalaşdırılıb.

“Müxalifət birləşsə yaxşıdır. Demokratik qüvvələr xalqın marağına uyğun seçki saxtakarlığına qarşı mübarizə aparsa çox yaxşı olar”.

O bildirib ki, Müsavat Partiyası hər zaman xalqın maraqlarını partiyanın maraqlarından üstün tutub.

“Mən təkcə Müsavat Partiyasının namizədi deyiləm, həm də Müsvatın əsgəriyəm. Məclis hansı qərar qəbul etsə onunla razıyam”, İsa Qəmbər qeyd edib.

Müsavat Partiyasının Seçki Qərargahının rəhbəri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Gülağa Aslanlının fikrincə, iqtidar “oğurluq seçki” keçirir.

“Nazirlər Kabineti bu ilin qeyri iş günlərini elan edib. Orada aprelin 11-i yox, oktyabrın 17-si qeyri-iş günü elan edilib. Mərkəzi Seçki Komissiyasının sədri seçkinin oktyabrın 17-də keçiriləcəyini bildirib. MSK sədri deyib ki, aprelin sonunadək seçici siyahıları dəqiqləşdirləcək. Seçici siyahıları dəqiqləşdirilmədən necə seçki keçirmək olar?” o sual edib.

XS
SM
MD
LG