Prezident İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) missiyasının rəhbəri Korin Yonkeri qəbul edib.
Prezidentin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
Martın 29-da ATƏT DTİHB-nin qiymətləndirmə missiyası 11 aprel növbədənkənar prezident seçkiləri ərəfəsində Azərbaycanda seçkiqabağı vəziyyətə dair aralıq hesabatlnl yayıb. Hesabatda qanunvericilik çərçivəsində sorğu materialları və protokol xarakterli digər məlumatlar yer alıb. Sənəddə təklif və tövsiyələr yer almasa da seçkilərin iqtidarda olan Yeni Azərbaycan Partiyasının üstün olduğu siyasi mühiydə keçirildiyi bildirilir.
"YAP sədri və hal-hazırda vəzifədə olan prezident İlham Əliyev dördüncü dəfə ardıcıl olaraq namizəddir."
Sənəddə deyilir ki, seçki kampaniyası hal-hazırda ümumiyyətlə zəif hiss olunur.
"Bir çox DTİHB Seçki Müşahidə Missiyasının müsahibi bildirib ki, onlar seçkilərin həqiqətən rəqabətli əsasda keçiriləcəyini gözləmirlər. Bir neçə müxalifət partiyası seçkiləri ya boykot etməyə çağırır, ya da seçkilərdə iştirak etmir”, sənəddə qeyd edilib.