Accessibility links

Beynəlxalq müşahidəçilər aprelin 12-də ilkin hesabatını açıqlayacaq


Növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilər missiyası aprelin 12-də keçiriləcək mətbuat konfransında seçkidən sonrakı ilkin hesabatını açıqlayacaq.

Beynəlxalq müşahidəçilər missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB), ATƏT-in Parlament Assambleyasını (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyasını (AŞPA) əhatə edən birgə səylərin birləşməsidir.

Hesabat ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri Nilza del Sena, AŞPA nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea, ATƏT PA nümayəndə heyətinin rəhbəri Marqret Kiener Nellen və DTİHB-nın uzunmüddətli müşahidə missiyasının rəhbəri Corien Jonker tərəfindən təqdim ediləcək.

Beynəlxalq seçki müşahidə missiyası DTİHB tərəfindən ezam edilmiş 28 uzunmüddətli, iki yüzdən çox qısamüddətli müşahidəçiləri, ATƏT PA-nın 48 parlamentarisi və heyəti, AŞPA-nın 37 parlamentarisi daxil olmaqla, 40 ölkənin 350 müşahidəçisindən təşkil edilib.

Mətbuat konfransının birbaşa yayımını DTİHB-nın internet səhifəsi və ATƏT PA-nın www.oscepa.org internet səhifəsi vasitəsilə izləmək mümkündür.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Seçkilərdə ölkə prezidenti İlham Əliyev daxil olmaqla 8 namizəd iştirak edir.

Aparıcı müxalifət partiyaları seçkiləri boykot edir.

Beynəlxalq müşahidə missiyası seçkilərdən 8 həftə sonra yekun hesabatını və tövsiyyələrini təqdim edəcək.

XS
SM
MD
LG