Accessibility links

ABŞ dövlət katibi və Böyük Britaniyanın xarici işlər naziri Kyivə gəliblər


ABŞ Dövlət katibi Antoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birlikdə Kyivə gəlib.

Əvvəllər bildirilmişdi ki, Amerika diplomatiyasının rəhbəri onun dediyinə görə, “Rusiya işğalına qarşı mübarizədə ölkəni dəstəkləmək üçün kritik məqamda” Ukraynanın paytaxtında yüksək vəzifəli şəxslərlə görüşməyi planlaşdırır.

Daha əvvəl Blinken bildirmişdi ki, səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə Kyivin Rusiyanın təcavüzünü dəf etmək üçün hazırkı addımları və Vaşinqtonun bununla bağlı hansı yardımı göstərə biləcəyini müzakirə etməyi planlaşdırır.

“Düşünürəm ki, bu, gərgin payız döyüş dövrünün ortasında Ukrayna üçün kritik məqamdır, çünki Rusiya təcavüzü artmaqda davam edir”, Blinken Londonda Lammi ilə keçirdiyi mətbuat konfransında deyib.

Əvvəllər Zelenski Qərb ölkələrindən daha uzun mənzilli raketlər tədarük etməyi və onların Rusiya ərazisindəki hərbi aerodromlar kimi hədəfləri vurmaq üçün istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş etmişdi.

Blinken Vaşinqtonun Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verib-verməyəcəyini açıqlamayıb, lakin bildirib ki, bu məsələyə baxılarkən təkcə silah sistemlərinin özü deyil, çoxsaylı amillər nəzərə alınır.

“Əhəmiyyətli olan təkcə sistemin özü deyil. Biz soruşmalıyıq ki, ukraynalılar bundan səmərəli istifadə edə bilərlərmi, çünki bəzən bunun üçün çoxlu məşq tələb olunur, biz bunu təmin edirik”, Blinken bildirib.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalı ilə başladığı müharibədə minlərlə dinc sakin həlak olub. Milyonlarla ukraynalı da evlərini tərk etmək məcburiyyətində qalıb, bir çox yaşayış məntəqələri dağıdılıb.

Bu ayın sonunda Volodimir Zelenski ABŞ-a səfər etməyi və prezident Co Baydenə və qarşıdan gələn seçkilərdə namizədlərə müharibənin sonunu tezləşdirəcəyinə ümid etdiyi planını təqdim etməyi planlaşdırır.

Forum

XS
SM
MD
LG