Accessibility links

Pərviz Şahbazov Səudiyyə Ərəbistanında səfərdədir


Pərviz Şahbazov və Salman bin Əbdüləziz Əl Səud
Pərviz Şahbazov və Salman bin Əbdüləziz Əl Səud

Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu ölkənin kralı Salman bin Əbdüləziz Əl Səud ilə görüşüb.

Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bildirilib ki, hər iki ölkə əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.

Xalid Əl Falihin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

Görüşdə həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və hər iki ölkənin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.

Pərviz Şahbazov Səudiyə Ərəbistanında səfərdədir
Pərviz Şahbazov Səudiyə Ərəbistanında səfərdədir

“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Əl Nasser ilə görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti “Mədən” neft -kimya şirkətinin baş icraçı direktoru Xalid Əl-Mudafier ilə də görüşüb.

Pərviz Şahbazovun Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cadan ilə baş tutan görüşündə isə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazir Səudiyyə Ərəbistanında neft-kimya və neft emalı sahələrində fəaliyyət göstərən istehsalat komplekslərinə baş çəkib. Kimya məhsullarının istehsalı, satışı və paylanması ilə məşğul olan Səudiyyə Ərəbistanının Əsas Sənaye Korporasiyasında (SABİC) olan nümayəndə heyətinə bu nəhəng sənaye kompleksinin fəaliyyəti barədə geniş məlumat verilib. Kimya Şirkəti (SADARA), Neft Emalı və Neft-kimya zavodu (SATORP) və bu müəssisələrin istehsal gücləri haqqında təqdimatlar dinlənilib.

Nazir həmçinin “Saudi Aramco” şirkətinin Dahranda yerləşən Neft Təchizatını Planlaşdırma və Proqnozlaşdırma (OSPAS), Geoloji Kəşfiyyat və Neft Mühəndisliyi (EXPEC), Kəşfiyyat və hasilat üzrə Peşəkar İnkişaf (UPDC) mərkəzləri də tanış olub, onların fəaliyyət istiqamətləri ilə maraqlanıb.

Səfər zamanı ən böyük neft yataqlarından olan “Manifa” neft yatağına baxış keçirilib.

XS
SM
MD
LG