Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs edilib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, anbarlara, aptek şəbəkələrinə, vəzifəli şəxslərin yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev, cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, satış təmsilçisi Asim Kərimov, “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal edib. Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar.
Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib.
Müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.
Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır.