Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Penitensiar Xidmətə müraciət edərək 14 il həbs cəzasına məhkum olunmuş Səid Dadaşbəylinin anasının hüzr mərasimində iştirakına buraxılmasını xahiş edib.
“Səid Dadaşbəylinin anası uzun müddət ağır xəstə olub, lakin onu anası ilə vidalaşmağa buraxmayıblar. Dünən Qətibə xanım vəfat edib. Səidi dəfn mərasiminə də buraxmayıblar. Yas mərasimində iştirak etmək, anasının məzarını ziyarət etmək üçün Səidə 1-2 gün icazə verməyinizi xahiş edirik.
Cəzasını çəkdiyi müddətdə Səid heç bir pozuntuya yol verməyib. Cəzaların İcrası Məcəlləsi ailə vəziyyətilə bağlı qısamüddətli məzuniyyətə icazəni nəzərdə tutur”, E.Həsənov müraciətdə bildirib.
S.Dadaşbəyli 2007-ci ildə “dövlət çevrilişinə cəhd” işi üzrə bir qrup şəxslə birlikdə həbs olunub. MTN gəncləri İranın xüsusi xidmətilə iş birliyində ittiham edib. Məhkəmə onları uzun müddətə həbs cəzasına məhkum edib. Bu iş üzrə həbs olunanlar siyasi məhbus kimi tanınıblar.