Accessibility links

ABŞ senatorları: Putinlə sövdələşmə olmayacaq


ABŞ senatorları Con Makkeyn, Lindsi Qraham və Emi Klobuçar
ABŞ senatorları Con Makkeyn, Lindsi Qraham və Emi Klobuçar

ABŞ senatoru Con Makkeyn Birləşmiş Ştatların Rusiya prezidenti Vladimir Putinlə sövdələşməyəcəyini deyərək, daha ciddi sanksiyaların tətbiqinə söz verib. Nüfuzlu respublikaçı senator bu açıqlamaları prezident seçilmiş Donald Trampın Vladimir Putinlə münasibətlərin yaxşılaşdırılması məqsədilə sanksiyaları yüngülləşdirə biləcəyinə dair ehtimalların irəli sürüldüyü bir vaxt verib.

Azadlıq Radiosunun Ukrayna xidmətinə Kiyevdə müsahibə verən Arizona senatoru Con Makkeyn və onunla bərabər səfərdə olan daha iki ABŞ senatoru bildiriblər ki, Putinlə hər hansı bir sövdələşmə azadlıq və demokratiyanın zəiflədilməsi demək olardı.

ABŞ Konqresi Moskvaya qarşı Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara dəstəyini davam etdirməsi ilə əlaqədar sanksiyalar tətbiq edib.

Senator Lindsi Qraham bildirib ki, Konqres 2017-ci ildə Rusiyaya qarşı əlavə sansksiyaların tətbiq edilməsinə çalışaraq, energetika və bank sektorları, eyni zamanda "Putinin yaxın əhatəsindəki şəxsləri" hədəf alacaq.

"Biz iki iş görəcəyik: Putini daha ağır sanksiyalarla vuracağıq və burada Ukraynada dostlarımıza daha artıq kömək göstərəcəyik"-deyə Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qraham bildirib.

Biz iki iş görəcəyik: Putini daha ağır sanksiyalarla vuracağıq və burada Ukraynada dostlarımıza daha artıq kömək göstərəcəyik
Lindsi Qraham

Con Makkeyn, Lindsi Qraham və Minnesota ştatından demokrat senator Emi Klobuçar bildiriblər ki, Konqresdə Kiyevə ölkənin şərqində Rusiyanın dəstəklədyi separatçılara qarşı mübarizədə kömək üçün Ukraynanın silahlarla təmin edilməsi məsələsinə güclü dəstək mövcuddur.

Senatorlar Moskvanı 2015-ci ilin fevral ayında Ukraynanın şərqində münaqişənin sona çatdırılması məqsədilə imzalanmış Minsk razılaşmalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə görə tənqid ediblər.

"Ukraynanın şərqində 700 rus tankının olduğu bir halda orada ədalətli seçki, ya da hakimiyyətin bölüşdürülməsi necə mümkün ola bilər?"-deyə senator Lindsi Qraham bildirib.

Trampın Krımı Rusiyanın bir hissəsi kimi tanıyıb-tanımayacağı ilə bağlı sualın cavabında Qraham bildirib ki, Konqres belə bir addımın qarşısını alacaq.

"Prezident bunu tək edə bilməz. Konqresin belə bir fikrə qarşı çıxmasının səbəbi də bunun qanunun aliliyinin pozulması olması ilə əlaqədardır"-deyə o cavab verib.

Əgər azad seçkiləri pozursunuzsa, o zaman demokratiyanı pozmuş olursunuz. Biz Konqresdə bu hücumda iştirak edənləri cəzalandırmaq üçün daha ciddi ölçülər götürmək fikrindəyik
Con Makkeyn

Senator Makkeyn həmçinin Moskvaya qarşı Rusiyanın ABŞ-da noyabrın 8-də prezident seçkilərindən öncə Demokrat partiyasının komputerlərində emaillərin hakerliyi ilə əlaqədar daha ciddi ölçülərin götürülməsinə çağırıb.

"Biz bu hakerlikdə iştirak edən ayrı-ayrı şəxslərin səfərlərinə məhdudiyyətlərdən tutmuş təşkilatlara qədər sanksiyaları daha da ciddiləşdirə bilərik. Bu, Amerika Birləşmiş Ştatları və bizim demokratiyanın əsaslarına qarşı hücum olub. Əgər azad seçkiləri pozursunuzsa, o zaman demokratiyanı pozmuş olursunuz. Biz Konqresdə bu hücumda iştirak edənləri cəzalandırmaq üçün daha ciddi ölçülər götürmək fikrindəyik"-deyə Con Makkeyn bildirib.

Prezident Obama Rusiyanın noyabr ayında ABŞ seçkilərinə haker müdaxiləsi ilə əlaqədar Moskvaya qarşı dekabrın 29-da sanksiyalar tətbiq edib.

ABŞ ölkədən 35 rus kəşfiyyat işçisinin çıxarılması və Rusiyanın iki aparıcı xüsusi xidmət orqanına qarşı ölçülər götürülməsinə dair qərar verib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, rəsmi Moskva Rusiya kəşfiyyatının noyabrda keçirilən ABŞ prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq ABŞ diplomatlarını ölkədən xaric etməyəcək.

XS
SM
MD
LG