Accessibility links

Sepp Blatter ABŞ prokurorları tərəfindən təhqiq olunur


Dünən Sürixdə keçirilən konfransda Blatter istefasını açıqlayıb

ABŞ KİV-ləri FIFA prezidenti Sepp Blatterin ABŞ-da futbolu idarə edən qurumda korrupsiya qalmaqalı ilə bağlı istintaq altında olduğunu bildirir.

79 yaşlı Blatterin federal prokurorlar və Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən təhqiqat edildiyi xəbəri Blatterin Sürixdə keçirilən mətbuat konfransında istefa verdiyini açıqlamasından bir neçə saat sonra yayılıb. Ötən həftənin cümə gün beşinci dəfə FIFA prezidenti seçilən Blatter “bütün futbol dünyası, yəni azarkeşlər, oyunçular və futbolu sevən, onunla yaşayan və nəfəs alan insanlardan mandatının olmadığını” etiraf edib. O həmçinin FIFA-da islahatlara olan ehtiyacı vurğulayıb və bunun üçün səlahiyyətlərindən istifadə edəcəyini deyib.

FIFA-nın bir sıra multi-milyardlıq sponsorları Blatterin istefa qərarını alqışlayıblar. ABŞ-ın içki şirkəti olan Coca-Cola bu qərarı “futbol və azarkeşlər üçün müsbət bir addım” adlandırıb.

Cənubi Koreyanın Hyundai konqlomeratının milyarder varisi və FIFA-nın idarə heyətinin sabiq üzvü Çanq Monq-cun çərşənbə günü Seulda FIFA prezidentliyinə namizədliyini nəzərdən keçirdiyini açıqlaylb.

XS
SM
MD
LG