Accessibility links

18 kiloqrama yaxın narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb


Dövlət Sərhəd Xidməti əməkdaşları İranla sərhəddə tutulan narkotik üzrə tədbirləri davam etdirir

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsinin qarşısını alıb, ümumilikdə 18 kiloqrama yaxın narkotik vasitə götürülüb.

DSX-nın mətbuat mərkəzinin məlumatına görə, mayın 10-da Füzuli rayonunun Bala-Bəhmənli kəndi (Bakıdan 300 kilometr cənub-qərb) ərazisindəki sərhəd zastavasının xidməti sahəsində xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kq narkotik vasitə olan həşiş qətranının Azərbaycana gətirilməsinin qarşısı alınıb. Sərhəd pozucusu dövlət sərhəd xəttinin bilavasitə yaxınlığında olmasından istifadə edərək geriyə (İrana) qaçmağa müvəffəq olub.

Bundan başqa, Horadiz sərhəd dəstəsinin Füzuli rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində mayın 10-da DSX əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Saatlı rayon sakini İlham Rüstəmovdan 3 kq marixuana götürülüb.

Faktlarla bağlı DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Saxlanılmış şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG