Accessibility links

Rusiya baş nazirinin müavini gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə gedib


Dmitri Roqozin (Foto Dmitri Roqozinin Twitter mikrobloqundan götürülüb)

Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra Rusiya baş nazirinin müavini, komissiyanın həmsədri Dmitri Roqozin gözlənilmədən Azərbaycan-Rusiya dövlət sərhədinə səfər edib.

APA agentliyi bu barədə D.Roqozinin "Twitter" hesabında yazdığına istinad edərək məlumat yayıb.

“Bakının hava limanına üz tutarkən əlavə 500 km yol getməyi qərara aldım və hamı üçün gözlənilməz olaraq Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim”, o bildirib.

Qeyd edək ki, yük maşınlarının dövlət sərhədini keçməsində problemlərin yaranması məsələsi dünən Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasında qaldırılıb. Azərbaycan baş nazirinin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və digər məhsullar aparan yük avtomobillərinin sərhəddə ləngidilməsi hallarının baş verdiyini deyib. D.Roqozin isə bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləyib.

“Qarşıdan Yeni il gəlir. Biz gözləyirik ki, Azərbaycandan Rusiyaya gətirilən meyvə, tərəvəz və digər məhsullar sərhədi maneəsiz keçərək bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”, D. Roqozin bildirib.

XS
SM
MD
LG