Bakının Beynəlxalq aeroportunda “Bakı-Daşkənd” və İstanbul-Bakı aviareyslərinin sərnişinlərindən külli miqdarda qiymətli daş-qaş və qızıl-ziynət əşyaları götürülüb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, mütəşəkkil dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və 4 ədəd mirvari boyunbağını “Bakı-Daşkənd” aviareysinin sərnişinləri arasında paylayaraq gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə ərazisindən çıxarmağa cəhd göstərib. Nəticədə ziynət əşyalarını dövlət sərhədindən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaşı saxlanılıb.
Araşdırmaların davamı olaraq dəstənin üzvləri, Azərbaycan vətəndaşları Mahir Bağırov, Elçin Məmmədov, Səfa Abdurəhmanov və Özbəkistan vətəndaşı Yeganə Orucova saxlanılıb. Onların üzərinə keçirilmiş baxış zamanı əlavə olaraq 493 qram daş-qaşlı qızıl ziynət əşyaları, 4735 ABŞ dolları, 700.000 Özbək sumosu aşkar olunaraq götürülüb.
Dövlət Gömrük Komitəsinin məlumatında isə deyilir ki, noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Türkiyə vətəndaşı Ecer Bilalın bel çantasından kiçik həcmli polietilen paketlərdən ümumi çəkisi 95 qram olan 2638 ədəd brilyant qaşlar aşkar olunub.
Hə iki faktla bağlı araşdıma aparılır.