Accessibility links

Ermənistanla sərhəddə döyüş baş verib


Cəbhə xətti

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Çingiz Qurbanov itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

“Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır. Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir”, məlumatda qeyd edilir.

Öz növbəsində, Ermənistan mediası Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyana istinadən bildirir ki, döyüş zamanı öldürülümş bir Azərbaycan hərbçisinin cəsədi Ermənistan tərəfdə qalıb.

Ermənistan Müdafiə Nazirliyi döyüş nəticəsində bir zabitinin və iki əsgərinin öldürüldüyünü bildirib.

“Təxribatlara görə bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbnərliyinin üzərinə düşür”, Ermənistan Müdafiə Nazirliyi bildirib.

***

Ermənistanın Müdafiə Nazirliyi dekabrın 29-da Azərbaycan tərəfinin "diversiya cəhdi" barədə məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan facebook səhifəsində yazıb ki, dekabrın 29-da səhər Azərbaycan Ordusunun əsgərləri Ermənistanın Tavuş rayonu Çinari kəndi (Bakıdan 450 kilometr qərb) ərazisinə keçməyə cəhd edib, Ermənistan ordusunun əsgərləri onlarla döyüşə girib.

Onun sözlərinə görə, snayperlərin və qumbaraatanların istifadəsi ilə döyüş davam etməkdədir.

"Ermənistan silahlı qüvvələri vəziyyətə nəzarət edir", o qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gevorq Altunyan AzadlıqRadiosunun Ermənistan Xidmətinə deyib ki, Çinari kəndi yaxınlığında döyüş davam edir, hər iki tərəfdən ölən və yaralanan var.

O deyib ki, "hələ ki məlumat dəqiqləşdirilir, amma güman ki, Ermənistan tərəfdən itkilərin olması məlumatı təsdiqini tapacaq".

Altunyan iddia edir ki, "əlbəttə ki, Azərbaycan tərəfindən də ölən və yaralanan var".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatdan xəbərdar olduğunu və rəsmi məlumat olmayınca heç nə deyə bilməyəcəklərini bildirib.

Bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi əməliyyatlar bərpa edilib. Hər iki tərəfdən onlarla insan həlak olub.

Aprelin 5-də tərəflər Rusiyanın təşəbbüsü ilə Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər. Aprel döyüşlərindən sonra iki ölkə başçısı arasında Vyanada və Sankt Peterburqda görüşlər keçirilib. Danışılqarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycanın suverenliyində olan Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayona hələ də erməni hərbi qüvvələrinin nəzarətindədir.

XS
SM
MD
LG