Accessibility links

Səudiyyə Ərəbistanında qadınların sürücülük qadağası qaldırılır


Səudiyyə Ərəbistanı bazar günündən etibarən qadınların avtomobil sürməsi qadağasını aradan qaldıracaq. Səudiyyə Ərəbistanı dünyada belə bir qadağanın mövcud olduğu yeganə ölkədir.

İndiyədək səudiyyəli qadınlar hərəkət etmək üçün taksi xidmətlərinə və ya kişi qohumlarına arxalanırdılar.

Bu ayın əvvəli Səudiyyə Ərəbistanı hökuməti Britaniya, Livan, Kanada daxil olmaqla, daha öncə digər ölkələrdən sürücülük vəsiqəsi alan qadınlara sadə testdən sonra sürücülük vəsiqəsi verməyə başlayıb.

Buna baxmayaraq, ölkədəki qadınların əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Sürücülük kursları yalnız bir neçə ay öncə təklif edilməyə başladığından, həmin kurslarda yalnız məhdud sayda qadınlar iştirak edə biliblər.

Bloomberg xəbər agentliyinin səudiyyəli qadınlarla keçirdiyi müsahibələrdə qadağanın qaldırılmasının baxmayaraq, əksəriyyətin qeyri-müəyyənlik içində olduğu məlum olub. Qadınların sözlərinə görə, onlar avtomobil sürmək arzularında olsalar da, mədəniyyətlərinə hörmətlə yanaşmaq istəyirlər. Onlar əlavə ediblər ki, cəmiyyətin yeni reallığa uyğunlaşması üçün müəyyən vaxt tələb olunacaq.

Avtomobil istehsalçıları da bu dəyişiklikləri səbrsizliklə gözləyir. Qadağanın aradan qaldırılması ilə ölkədəki 10 milyon qadın avtomobilə sahib ola biləcək.

Uber və Careem kimi sürücü xidməti şirkətləri artıq qadın sürücülərin işə götürülməsi prosesinə başlayıb.

Səudiyyə Ərəbistanı hökümətinin qadınların avtomobil sürməsini qanuniləşdirdiyi bir zaman, polis, qadınların bu hüquqa malik olması üçün kampaniya aparan fəalları həbs edib. Hüquq müdafiəsi təşkilatları bildirirlər ki, bu yaxınlarda həbs olunan dörd fəal qadının nəzarət altında qalacağı və məhkəmə qarşısına çıxacağı gözlənilir.

Səudiyyə Ərəbistanı qanunlarına əsasən, qadınlar hüquqi qərarlar üçün kişi himayədarlarının razılığını əldə etməlidirlər. Bu qərarlara təhsil, iş, nikah, səyahət və tibbi müayinə daxildir.

Keçən il hökumətin qadın sürücülərinə tətbiq edilən qadağanın aradan qaldırılması qərarını elan edən Şahzadə Salman deyib ki, qadınların sürücülük vəsiqəsinin əldə etməsi üçün kişi himayədarlarından icazəyə ehtiyac olmayacaq və onlar avtomobillərini tək idarə edə biləcəklər. Şahzadə əlavə edib ki, qadınların krallığın istənilən yerində, hətta Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə belə avtomobil sürmək üçün icazələri olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG