Şimali Koreyaya qarşı tətbiq edilən sonuncu sanksiyalar Asiya ölkələri tərəfindən müsbət qarşılanıb. Buna baxmayaraq, çoxları bu sanksiyaların ciddi dəyişikliklərə səbəb olacağına skeptik yanaşır.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyanın 3 sentyabr tarixində keçirilən nüvə sınağına cavab olaraq yeni sanksiyaları təsdiq edib.
Qətnaməyə edilən əlavələr Şimali Koreyanın öz nüvə və ballistik raket proqramlarını maliyyələşdirmək imkanını kəskin şəkildə məhdudlaşdıracaq.
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bazar ertəsi Təhlükəsizlik Şurası üzvlərinə deyib ki, dünya nüvə ilə silahlanmış Şimali Koreyanı heç zaman qəbul etməyəcək.
Keçən həftə Heylinin Təhlükəsizlik Şurasında dediyi sözlər daha fərqli idi. Həmin vaxt Şimali Koreyanın nüvə sınağından sonra Şura toplantısında səfir Kim Conq Unun müharibə istədiyini və ABŞ-ın sonsuz səbrə malik olmadığını demişdi.
Şimali Koreya bazar ertəsi xəbərdarlıq etdi ki, BMT-nin Təhlükəsizlik Şurası Pxenyana qarşı yeni sanksiyaları təsdiq etdiyi halda ABŞ bunun “bədəlini ağır ödəyəcək.”