BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın şənbə günü sualtı qayıqdan atdığı balistik raket sınaqlarını qınayaraq bunu BMT-nin qətnamələrinin daha bir ciddi pozuntusu adlandırıb.
Bazar günü çıxarılmış bəyənnamədə deyilir ki, Təhlükəsizlik Şurası bu hərbi fəallığın Şimali Koreyanın nüvə silah sistemi inkişaf etdirməsinə xidmət etdiyini və qlobal gərginliyi artırdığını bildirir.
Pxenyana qarşı yeni sərt sanksiyalar tərtib etdikdən bir neçə həftə sonra Təhlükəsizlik Şurası Şimala qarşı daha da sərt tədbirlər görəcəyini bəyan edib.
Pxenyanın dövlət xəbər agentliyi bildirib ki, şəxsən Kim Conq Un tərəfindən müşahidə edilən son sınaqlar etibarlığını doğruldub.
Lakin Cənubi Koreya bu sınağın uğurlu nəticələnmədiyini bildirib. Mənbə raketin 30 kilometrdən sonra dənizə düşdüyünü deyib.
Raketin azı 300 kilometr məsafəni qət edəcəyi ehtimal edilirdi.
Şimali Koreya təxminən 70 sualtı qayıqla dünyada ən güclü sualtı qayıqlara malik ölkələr sırasındadır. Amma bu qayıqların əksəriyyəti köhnə, 1950-ci ilə aid texnologiya ilə işləyir və radardan gizlənmək üçün su altında bir neçə gündən çox qala bilmir.