Amerikada yaşayan gənc türk müğənni Sinem Saniye Amerika Basketbol Liqası NBA-nin Los Anceles şəhərində keçirilən matçında ABŞ-ın dövlət himnini ifa edib. Müğənni ilə bərabər Amerikanın müxtəlif yerlərindən Los Ancelesə gəlmiş türk sənətçilərinin konserti isə təhlükəsizlik səbəblərinə görə baş tutmayıb. Konsert təhlükəsizliyin kifayət qədər olmaması səbəbi ilə Los Ancelesin Clippers və Finiksin Suns komandaları tərəfindən təxirə salınıb. Qərarın çıxarılmasında erməni diasporasınının da rolu olduğu bildirilir.
Sinem Saniye bu günlər Vaşinqtonda konsert verməzdən əvvəl Amerikanın səsinin türk xidmətinin televiziya proqramında iştirak edib. Müğənni “I’ll Confide” adlı yeni klipindən danışıb. Bu, onun çəkdirdiyi ikinci klipdir. Klip yanvar ayından Los Anceles metrosunda göstərilməyə başlayacaq. Müğənni bunu böyük uğur kimi qarşıladığını deyir: ”Klipimi Los Ancelesin avtobus və metro sistemində hər gün bir milyon yarım insanın görməsi məni çox sevindirir. Klipi çəkmək üçün çox əmək sərf etdim. Nə qədər çox adam ona baxsa, mənim üçün o qədər yaxşıdır.”
Sinem Saniye Almaniyada anadan olub, 3 yaşında olarkən ABŞ-a köçüb. Nyu Yorkda yaşayan gənc müğənninin "When I Don't Sleep" adlı ilk albomu musiqisevərlərin rəbğbətini qazanıb. İlk klipini "Are We In Love" adlı mahnısı üçün çəkən Sinem Saniye ikinci klipini "I'll Confide" adlı mahnısı üçün çəkdirib.
Sinem Saniye haqda daha artıq məlumat almaq üçün internetdə bu veb səhifələrdən istifadə edə bilərsiniz.