Analitiklər deyir ki, Rusiyanın idarə olunan raket kreyseri “Moskva”nın Qara Dənizdə batması Ukrayna üçün əhəmiyyətli bir qələbədir, amma onun müharibənin gedişatına böyük təsiri olmaya bilər.
Rusiyanın Qara dənizdəki flaqman gəmisi aprelin 14-də partlayış nəticəsində dənizdə batıb. Ukrayna partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
ABŞ ordusunun Avropadakı komandiri Ben Hodces deyir ki, “Moskva” Rusiyanın Qara Dəniz Donanmasının komanda-nəzarət gəmisi kimi xidmət edirdi və kritik rabitə infrastrukturu ilə təchiz edilmişdi.
“Onun batması ukraynalılar üçün bpyük psixolji təkan, Rusiya Donanması üçün isə sarsıntıdır,” Avropa Siyasətinin Təhlili Mərkəzinin hərbi analitiki Hodcs deyib.
Hodces deyib ki, Rusiya donanması prezident Vladimir Putin fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri amfibiya əməliyyatları baxımından çox şey etməyib.
“Moskva”nın batması hər hansı amfibiya əməliyyatlarını daha da çətinləşdirəcək.
“Rusiya donanması sahilə çox yaxınlaşmamaq üçün ehtiyatlı davranacaq,” o deyib.
Vaşinqtonda qərargahlanan Ceymstaun Fondunun prezidenti Qlen Hovard aprelin 14-də ABŞ-Ukrayna Biznes Şurasında keçirilən konfransda deyib ki, “Moskva”nın batması Ukraynaya Odesa ətrafında dənizdəki nəqliyyat yollarını açıq tutmağa imkan verə bilər. Odesa Ukraynanın buğda kimi ixracları üçün əsas limanıdır.
Hovard deyib ki, Rusiya “Moskva”nı əvəzləmək üçün yeni gəmi gətirə bilməyəcək, çünki Türkiyə Qara Dənizə çıxış və girişi məhdudlaşdırıb. Türkiyənin 1936 Montro Konvensiyası altında buna hüququ var.
Rusiya ordusu üzrə təhlilçi Robert Li razılaşır ki, “Moskvanın” batması Ukrayna üçün “ciddi uğurdur,” amma o deyib ki, o bunun müharibənin gedişatına “əhəmiyyətli” təsirinin olacağını düşünmür.
“Amfibiya hücumu onsuz da söhbət gedə bilməzdi və [Moskva]nın modernləşməyə ehtiyacı var idi,” o, Twitter-də yazıb.
Müharibə Tədqiqat İnstitutu (ISW) bildirib ki, “Moskva” Bazalt gəmi əleyhinə raketləri vurmaq üçün təchiz olunmuşdu və çox güman ki, dənizdən quruya endirilən zərbələrdə iştirak etməmişdi.
Kyiv “Moskva”nı aprelin 14-də Neptun gəmi-əleyhinə raketlə vurduğunu iddia edir, Rusiya isə gəmidə yanğının baş verdiyini və bunun partlayışa səbəb olduğunu deyir.
ABŞ ordusu Ukraynanın versiyası ilə razılaşıb.
“Biz belə qiymətləndiririk ki, onlar onu iki Neptunla vurublar,” Pentaqonun yüksək vəzifəli rəsmisi aprelin 15-də müxbirlərə deyib və bunu Moskvaya “ böyük zərbə” adlandırıb.
Hovard deyib ki, Neptun raketi 300 kilometr məsafə qət edə bilər və bu da Ukraynaya Rusiya gəmilərini buğda ixrac etmək üçün Odesadan kifayət qədər uzaqda saxlamağa imkan verə bilər. O deyib ki, bir çox təhlilçi Ukraynanın Neptunun inkişafına əbəs yerə pul sərf etdiyini düşünürdü, amma “Moskva”nın batması bunun əksini sübut etdi.
Adının açıqlanmaması şərtilə danışan rəsmi deyib ki, Neptunun zərbələrinin tələfatlara səbəb olduğunu güman edilir, ancaq neçə nəfərin öldüyünü dəyərləndirmək çətindir.
Gəmidə 500-dən bir az çox dənizçi olub.
Pentaqon rəsmisi əlavə edib ki, Birləşmiş Ştatlar ərazidəki digər Rusiya gəmilərinin sağ qalanları təxliyə etdiyini müşahidə edib. Rusiya Moskvanın ekipaj üzvlərinin yaxınlıqdakı gəmilərə evakuasiya olunduqlarını bildirib.
ISW bildirib ki, “Moskva”nın batmasının səbəbinin nə olmasından asılı olmayaraq, bu, Rusiyanın müharibə səylərində problemlərin olduğuna işarə edir.
“‘Moskva’nın batması ilə bağlı hər iki izahat Rusiyanın mümkün çatışmazlıqlarına işarə edir – ya zəif havadan müdafiə, ya da inanılmaz dərəcədə zəif təhlükəsizlik və Qara Dəniz Donanmasının flaqman gəmisində zədələrə nəzarət prosedurları,” ISW brifinqində bildirib.
Ən son bu böyüklükdə gəminin batması 40 il öncə Britaniya Folklend müharibəsi zamanı Argentinanın “General Belqrano” kreyserini batıraraq, 323 ekipaj üzvünü öldürdüyü zaman olub.
CNN bildirib ki, “General Belqrano” və “Moskva” bənzər ölçüdə olub. Hər iki təxminən 12 metr uzunluğunda olub, ancaq Argentina kreyserində gəmiçilərin sayı iki dəfə çox olun.
“Moskva”nın batması Rusiyanın Ukraynaya hərbi müdaxiləsindəki ən son uğursuzluğudur.
Rusiya fevralın 24-də hücuma şimaldan, şərqdən və cənubdan başlayıb və təxminən 150 000 əsgərdən ibarət qüvvələrini çox böyük bir əraziyə yayıb, nəticədə isə əhəmiyyətli itkilər verib.
Birləşmiş Ştatlar və Qərb Rusiya ordusunda tələfatın 10 mindən çox olduğunu təxmin edir.