Azərbaycan Milli Məclisi dekabrın 1-də keçirilən plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edib.
Qanuna görə, təhsil və tərbiyə müəssisələri, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), ticarət, məişət obyektlərində, sosial xidmət müəssisələrində, teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, beynəlxalq və yerli nəqliyyat marşrutlarında, o cümlədən taksilərdə və digər çoxsaylı ictimai yerlərdə tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə etmək qadağan edilir.