Accessibility links

Kaliforniya qubernatoru ABŞ senatorunu qətlə yetirən şəxsin 50 ildən sonra azadlığa çıxmasını rədd edib


Senator Robert Kennedini qətlə yetirən Sirhan Sirhan
Senator Robert Kennedini qətlə yetirən Sirhan Sirhan

Cümə axşamı Kaliforniya qubernatoru 1968-ci ildə Robert Fremsis Kennedini qətlə yetirən və yarım əsrdən çox həbsxanada olan Sirhan Sirhanın azad edilməsi ilə bağlı müraciəti rədd edib.

Robert F. Kennedini özünün siyasi qəhrəmanı adlandıran və qərarının tarixi əhəmiyyətini başa düşən Qavin Nyusom şərti azadlığa buraxılma komissiyasının iki nəfərlik heyətinin tövsiyəsini rədd edərək, hazırda 77 yaşı olan Sirhanın ictimaiyyət üçün təhlükə olacağını deyib.

"Cənab Sirhanın senator Kennedini qətlə yetirməsi Amerika tarixinin ən bədnam cinayətlərindəndir. On illərlə həbsxanada qaldıqdan sonra belə o, senator Kennedini öldürməyə vadar edən nöqsanları aradan qaldıra bilməyib. Cənab Sirhanın keçmişdə qəbul etdiyi eyni təhlükəli qərarları indi də qəbul etməsinə mane olacaq gücü yoxdur," Nyusom qərarında yazıb.

O, belə bir qərara Sirhanın törətdiyi cinayətə görə məsuliyyəti qəbul etməkdən imtina etməsi, anlayış və cavabdehliyinin olmaması, zorakılığı rədd etməməsi və risk faktorlarını azaltmağı bacarmamaq kimi amillərə görə gəldiyini bildirib.

1968-ci il, 28 iyun. Senator R.F. Kennedini qətlə yetirən Sirhan Sirhan həbsxanaya aparılarkən
1968-ci il, 28 iyun. Senator R.F. Kennedini qətlə yetirən Sirhan Sirhan həbsxanaya aparılarkən

Sirhanın şərti azadlığa buraxılması üçün yeni məhkəmə iclasının 2023-cü ilin fevral ayında keçiriləcəyi planlaşdırılır.

Vəkili Ancela Berri Sirhanın hakimdən Nyusomun qərarını ləğv etməsini xahiş edəcəyini deyib. "Biz məhkəmənin qubernatorun səhv qərar verdiyi nəticəsinə gələcəyini gözləyirik," vəkil bildirib.

O, "ştat qanunlarına görə, ictimaiyyətə təhlükə riski yaratmayan məhbuslar şərti azadlığa buraxıla bilər" deyib və əlavə edib ki, "cənab Sirhanın hələ də cəmiyyət üçün təhlükə olduğunu göstərən heç bir dəlil yoxdur".

Vəkilin sözlərinə görə, şərti azadlığa buraxılma üzrə komissiya üzvləri "son yarım əsrdə reabilitasiya üzrə təsirli rekorduna görə" Sirhanı azadlığa buraxılmasını uyğun hesab edib.

"1980-ci illərin ortalarından bəri həbsxana psixoloqları və psixiatrları ardıcıl olaraq cənab Sirhanın ictimaiyyət üçün əsassız təhlükə riski yaratmadığını aşkar edilmişdir," o deyib.

ABŞ-ın Nyu-Yorkdan olan senatoru Kennedi Demokratların Kaliforniyada keçirilən prezident seçkilərinin qalibi olduğunu elan etdikdən dərhal sonra güllələnib. Los-Ancelesdəki Ambassador otelində baş verən sui-qəsd zamanı daha beş nəfər yaralanıb.

ABŞ-ın sabiq prezidenti Con Kennedi (solda) və qardaşı Robert Kennedi
ABŞ-ın sabiq prezidenti Con Kennedi (solda) və qardaşı Robert Kennedi

Onun qardaşı, prezident Con Kennedi 1963-cü ildə öldürülüb.

Avqust ayında şərti azadlığa buraxılma haqda qərar verən komissiya Sirhanın azadlığa buraxılması ilə bağlı qərarı ailəsinə bildirəndə, Robert F. Kennedinin oğlanları Duqlas və kiçik Robert Kennedilər azad edilmə fikrini dəstəkləyib. Lakin Kennedinin sağ qalan doqquz uşağından altısı və həyat yoldaşı Etil Kennedi Nyusomu onun şərti azadlığa buraxılmasına mane olmağa çağırıb.

Panelin qərarı Kaliforniyada 2016-cı ildən bəri qəbul edilmiş yeni qanunlara əsaslanır. Artıq 15-ci dəfədir ki, Sirhanın appelyasiyası rədd olunur.

Sirhan əvvəlcə ölüm cəzasına məhkum edilib. Lakin Kaliforniyanın Ali Məhkəməsi 1972-ci ildə ölüm cəzasını qısa müddətə qadağan etdikdən sonra bu cəza ömürlük həbs cəzası ilə əvəz olundu.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG