Şirvan şəhərinin (Bakıdan 127 kilometr cənub-qərb) Birlik icması 1000 nəfərin həyat səviyyəsini yaxşıladıracaq dam örtüklərinin yenilənməsi layihəsini tamamlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, işlər Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə tərəfindən icra olunub, ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib.
Uzun illər Şirvan şəhərində beş binada yaşayan sakinlər 40 ildən öncə qurulmuş və o vaxtdan təmir olunmamış dam örtüklərinin qəzalı vəziyyətə düşməsindən əziyyət çəkiblər.
“USAID-in bütün dünyada məqsədi həyat səviyyəsini yaxşılaşdırmaq və öz sosial-iqtisadi ehtiyaclarını ödəməkdə imkan yaratmaq üçün icmalarla sıx işləməkdir. Biz çox şadıq ki, Birlik icmasının sakinlərinə kömək edə və bu prosesə töhfə verə bilmişik”,USAID-in Azərbaycandakı ofisinin Demokratiya və İdarəçilik şöbəsinin direktoru Kristofer Şaffer bildirib.
2011-ci ildən SEDA layihəsi Azərbaycanın 53 icmasında 85 000-dən çox insana fayda verərək 60 icma layihəsinin maliyyələşdirilməsinə 1 200 000 ABŞ dollarından artıq vəsait xərcləyib.