Şirvan şəhərinin (Bakıdan 127 kilometr cənub-qərb) Dirçəliş, Cəmiyyət, Uğur və Xeyriyyə icmaları 4 icma sosial mərkəzlərinin inşasını başa çatdırıb. Layihələr Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, həmin mərkəzlər sakinlərə bayram, toy və yas mərasimləri kimi mühüm icma tədbirləri keçirmək, habelə icma iclasları təşkil etmək imkanı verir. İcmalar həmçinin bu mərkəzləri sosial və mədəni fəaliyyətlər üçün istifadə edəcək, məsələn musiqi, rəssamlıq və tikiş dərnəkləri, gənclər üçün təlimlər və uşaqlar üçün məktəbdən kənar fəaliyyətlər. Həmin mərkəzlərdən 3 000-ə yaxın sakin faydalana biləcək.
Layihə Azərbaycan hökuməti və USAID tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyət (SEDA) adlı proqram çərçivəsində həyata keçirilib. 2011-ci ildən SEDA proqramı bütün Azərbaycanda 92,000-dən artıq insana fayda verərək 60 icmada 68 layihə başa çatdırıb.