Accessibility links

Robert Sekuta: ABŞ-Azərbaycan münasibətlərində enerji məsələləri əhəmiyyətli yer tutur


Robert Sekuta və Pərviz Şahbazov

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta energetika naziri Pərviz Şahbazovla görüşüb.

Energetika nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məslələri diqqət mərkəzində olub.

Pərviz Şahbazov Azərbaycanın karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında ABŞ-ın rolunun hər zaman yüksək olduğunu bildirib.

“ABŞ vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında göstərdiyi güclü dəstəyi bu gün “Cənub Qaz Dəhlizi”, eləcə də onun mühüm bir seqmenti olan Trans-Adriatik boru kəməri layihələrində (TAP) davam etdirir. Avropada enerji təchizatının diversifikasiyasını təmin edəcək “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər hazırda uğurla həyata keçirilir”, nazir qeyd edib.

Görüşdə bildirilib ki, Azərbaycanla ABŞ arasındakı strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur.

Nazir gələcəkdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə də böyük əməkdaşlıq potensialının olduğunu deyib.

“Bu istiqamətdə həyata keçirilən tədbirlərdə, yeni texnologiyaların tətbiqində ABŞ-ın təcrübəsindən faydalanmaq olar”, Şahbazov deyib.

Robert Sekuta
Robert Sekuta

Səfir Sekuta da ABŞ-Azərbaycan münasibətlərində enerji məsələlərinin əhəmiyyətli yer tutduğunu bildirib. Onun sözlərinə görə, qlobal enerji təhlükəsizliyinin təminatına yönələn layihələrlə Azərbaycan ABŞ-ın diqqətindədir.

“Bu diqqətin göstəricisi kimi ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı, eləcə dövlət katibi Reks Tillersonun “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclası ilə əlaqədar məktublarını göstərmək olar”, o qeyd edib.

“Cənub Qaz Dəhlizi”nin strateji əhəmiyyətindən bəhs edən səfir layihənin Balkan regionunun qaz təminatında da geniş imkanlar yaradacağını bildirib.

O, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişlə ölkəsinin Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi qalacağını bildirib. Yeni layihələrin bu tərəfdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

“ABŞ yalnız Azərbaycanın maraqlarına cavab verən layihələrdə iştirak edərək, əməkdaşlıqda maraqlıdır”, o qeyd edib.

Robert Sekuta “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanmasında Energetika Nazirliyinə bundan sonra da lazımi dəstəyin davam etdiriləcəyini söyləyib.

Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti Vyana görüşü, neft bazarının inkişaf tendensiyaları, eləcə də enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG