Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi ilə bağlı materiallar məhkəməyə göndərilib.
Hüquq müdafiəçisinin yaxınlarının Amerikanın Səsinə verdiyi məlumata görə, artıq iş üzrə ibtidai istintaq yekunlaşıb, ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın günlərdə icraata veriləcək.
İntiqam Əliyev Cinayət Məcəlləsinin vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.
O, ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.
Eyni zamanda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə istintaq materialları baxılmaq üçün Bakı Ağır Cimayətlər Məhkəməsinə göndərilib.
Rəsul Cəfərov 2014-cü il avqustun 2-də saxlanıb.
O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurdu.
İstintaq dövründə ona qarşı vəzifə saxtakarlığı və küli miqdarda mənimsəmə maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Bu ittihamlara görə hüquq müdafiəçisi 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Müdafiə tərəfi, bir sıra yerli və beynəlxalq təşkilatlar ona qarşı ittihamların siyasi motivli olduğunu deyirlər.
Amnesty International təşkilatı Rəsul Cəfərovu vicdan məhbusu hesab edir.