Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin keçmiş əməkdaşı, hərbi ekspert Üzeyir Cəfərovun şikayəti üzrə qərar çıxarıb.
Avropa Məhkəməsinin saytının yaydığı məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi “Cəfərov Azərbaycana qarşı” işində Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunmas) maddəsinin pozulduğu qənaətinə gəlib.
Eyni zamanda, Avropa Məhkəməsi ərizəçinin Avropa məhkəməsinə təqdim etdiyi 10-cu (fikri ifadə etmək azadlığı) maddəsinin tanınmasına ehtiyac olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə Azərbaycan hökuməti Üzeyr Cəfərova mənəvi zərər və məhkəmə xərcləri ilə birlikdə 14 min 400 avro kompensasiya ödəməlidir.
Ü.Cəfərov Avropa İnsan hüquqları Konvensiyasının 10-cu (fikrin ifadə olunması azadlığı), 6-cı (ədalətli məhkəmə çəkişməsi) və 2-ci (yaşamaq hüququ) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu bildirib. Ü.Cəfərov ona dəyən fiziki və mənəvi zərərin, məhkəmə xərclərinin ödənilməsini tələb edirdi Ü.Cəfərov orduda nöqsanları və problemləri sərt tənqid etməsi ilə tanınır. 2007-ci ildə ordu haqqında tənqidi məqalə dərc etdirdiyinə görə döyülüb. Belə ki, İnşaatçılar prospektində naməlum şəxslər ona hücum edərək döyüblər.
Faktla bağlı Yasamal polisində 132-ci maddə (döyülmə) üzrə cinayət işi qaldırılıb. Lakin iş sona çatdırılmayıb və heç kim cəzalandırılmayıb. Ü.Cəfərovun polisin fəaliyyətsizliyi ilə bağlı şikayətləri təmin olunmayıb.
Ü.Cəfərov ona hücum edən şəxsi,polis əməkdaşı Nəbi Nəcəfovu tanıyıb.
Ərizəçi ona hücumu təşkil edən şəxslərin cəzalandırılmasına nail olmaq niyyətindədir.