Accessibility links

Müxalifət fəalı siyasi baxışlarına görə həbs edildiyini bildirib


Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)
Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Fevralın 5-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad rayon təşkilatının fəalı, narkotrafikdə ittiham olunan Murad Adilova qarşı cinayət işinə mahiyyəti üzrə baxılmasına başlanılıb.

M.Adilovun vəkili Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, fevralın 5-də iclas zamanı ittiham aktı oxunub.

Sonra M.Adilov ifadə verib. O bildirib ki, özünü günahkar hesab etmir. Onun sözlərinə görə, həm müxalifətçi, həm də jurnalist fəaliyyətinə, eyni zamanda qardaşı Natiq Adilovun siyasi baxışlarına görə təqib olunur.

Müdafiə tərəfi bir sıra vəsatətlərlə çıxış edib. Məhkəmə yalnız bir vəsatəti – üç əlavə şahidin çağırılması barədə vəsatəti təmin edib.

Eyni zamanda məhkəmə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəzatəti rədd edib.

Məhkəmə-bioloji ekspertizaya dair rəy verən ekspertin şahid qismində prosesə çağırılması barədə vəsatət də təmin olunmayıb.

Müdafiə tərəfi M.Adilov saxlanılan gün guya ondan narkotik maddənin götürülməsi barədə “operativ” rəy verən ekspertin dindirilməsini vacib sayıb.

İclas zamanı ittiham tərəfinin şahidlərindən biri, DİN Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Elman Tərlanov da dindirilib.

Müdafiə tərəfi hesab edir ki, E.Tərlanov əməliyyat müvəkkili olarkən səlahiyyət həddini aşaraq Adilovların evində, həmçinin M.Adilovun üzərində axtarış aparılmasına sanksiya verib. Halbuki, buna yalnız müstəntiqin ixtiyarı var.

Növbəti məhkəmə iclası fevralın 24-nə təyin edilib.

M.Adilov 2014-cü il avqustun 11-də Sabirabad rayonunda saxlanılıb. O, “Azadlıq” qəzətinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Adilovun qardaşıdır. N.Adilov qardaşının həbsindən sonra təqib və təzyiqlər səbəbindən Azərbaycanı tərk etməli olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG