Accessibility links

Xarici səfirlikdə çalışan daha bir əməkdaş ölkəyə qayıtmaqdan imtina edib


Azərbaycan və Fransa
Azərbaycan və Fransa

Samir İsmayılov Azərbaycanın Fransadakı səfriliyinin təsərrüfat məsələləri şöbəsinin müdiri olub

Azərbaycanın xarici səfirliyində çalışan daha bir əməkdaş ölkəyə qayıtmaqdan imtina edib. Bu informasiya Turan agentliyinə məlumatlı mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, həmin əməkdaş sabiq səfir Arif Məmmədovun vaxtında Azərbaycanın Strasburqdakı diplomatik nümayəndəliyində işləmiş Samir İsmayılovdur.

Məlumata görə, Arif Məmmədov bu il mayın 19-da Bakıdakı yaşayış binasında baş vermiş yanğına cavabdeh şəxsləri öz facebook səhifəsində tənqid edəndən və müxalif mövqeyə keçəndən sonra S.İsmayılovu israrla Bakıya çağırmağa başlayıblar.

Samir İsmayılov həmin vaxt artıq Azərbaycanın Fransadakı səfirliyində təsərrüfat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı. S. İsmayılov ona rəsmi çağırış göndərməyi tələb edib. Bundan sonra ona təzyiqlər başlayıb. Ardınca Samir İsmayılov Azərbaycana qayıtmaqdan imtina edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Samir İsmayılovu xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırsa da o, Bakıya qayıtmaqdan imtina edib.

Turan bu məlumatla bağlı Xarici İşlər Nazirliyindən şərh ala bilməyib.

Xatırladaq ki, Samir İsmayılov Azərbaycanın xarici səfirliklərində çalışan ölkəyə qayıtmaqdan imtina edən 4-cü əməkdaşdır.

XS
SM
MD
LG