ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq etməsinə icazə verməməsindən və DTİHB-nin bu səbəbdən seçkini izləyə bilməməsindən təəssüfləndiyini bildirib.
“DTİHB-nin iştirakı olmadan Azərbaycanın DTİHB-nin ötən seçkidə verdiyi müşhahidə tövsiyələri sahəsində tərəqqi etdiyini demək qeyri-mümkündür”, Dövlət Deparatamenti qeyd edir.
Qeyd edilir ki, sözü gedən tövsiyələrdə təməl prinsipləri sahəsində məhdudiyyətlərin aşkar edildiyi bildirilib.
“Bizim Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit barədə narahatlığımız qalır və biz Azərbaycan hökumətini onun beynəlxalq öhdəliklərinə müvafiq şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə DTİHB də daxil ATƏT-lə birgə işləməyə çağırırıq”, sənəddə deyilir.
“Biz hökumət və Azərbaycan xalqı ilə, onların daha güclü, sabit, demokratik və firavan gələcək qurmaq səylərində birgə işləmək istəyimizə sadiq qalırıq”, Dövlət Departamenti qeyd edir.
Öz növbəsində, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini AZƏRTAC dövlət agentliyinə şərh edib.
Əli Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət verib. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz.
Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlayıb və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirib. Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməyib və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina edib. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in Nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atıb.
Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini yolverilməz hesab edəcək.